Tural Rəhmanlı 1992-ci ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində anadan olub. Rəssam olaraq karyeriyasına başlayan Tural 2011-ci ildə təhsil almaq məqsədilə İstanbula gedib və oradakı təhsili ərzində, 2013-cü ildə fotoqrafiya ilə maraqlanmağa başlayıb. Onun işləri küçə fotoqrafiyası və sənədli fotoqrafiyaya yönəlmişdir. Turalın əsərləri dünyanın bir çox festivallarında sərgilənib, Bakıda isə müxtəlif sərgilərdə iştirak edib. O, fotoqrafiyaya ömürlük bir layihə kimi baxdığını və ömrü boyu hər gün foto çəkməyi planlayır. 2016-cı ildən bəri “Turkuaz street” fotoqrafiya kollektivinə üzvdür. “Şərq”, “Metro”, “Çarşı”, “Istanblues”, “Ukrayna” kimi layihələrin müəllifidir.
Tural Rəhmanlının “Ukrayna” fotolayihəsi təkcə sənətlə reportaj arasında yox, həm də müxtəlif zamanlar və insanlar arasında bir körpü yaradır. Müəllif səyahət etdiyi ölkənin qaranlığını, hüznünü poetik dildə nümayiş etdirir. O, Ukraynanın sosial böhranına, bir növ hər şeylə dolu cəmiyyətinə müraciət edir. Yaratdığı körpüdə illərin sınaqlarından çıxmış toplumun bu gününə bir də keçmişin pəncərəsindən baxır. Soyuq fotoları izləyərkən üşümə hissini dərhal yaxın planda çəkilən isti insan portretləri əvəz edir.Tural izləyicilərini insana xas məsələləri özünəməxsus, bir növ estetik dil vasitəsi ilə oxumağa dəvət edir.