Naschkatze

Fərhad Fərzəli və Əli Həsənov hər ikisi səslə bağlı sahədə çalışır – indiyədək rok və elektronikanın da daxil olduğu müxtəlif janrlar üçün musiqi kompozisiyaları yaradıblar.

Bakı və Moskvada yaşayan Əli Həsənov Bakıda performans incəsənətinin əsaslarını qoymuş, tanınmış və yüksək rəğbətə malik performans sənətçisidir. Bir çox sahədə fəaliyyət göstərən Əli Həsənov, diqqətini əsasən instalyasiyada, rəqəmsal animasiyada və səs sənətində cəmləşdirir. Onun instalyasiyaları özlüyündə konseptualdır, auditoriyanı həcmlərinin, tərkiblərinin və konfiqurasiyalarının manipulyasiya edilməsi vasitəsi ilə məna həkk olunmuş dünyəvi obyekt və fiqurlarla təmasa dəvət edir. 2012-ci ildə keçirilən “Baku Public Art Festival” (Bakı İctimai İncəsənət Festivalı) üçün elektron səs əlavə edilmiş canlı musiqi ilə müşaiyət olunan kompüter animasiyalarından ibarət “Arsenium” performansı təqdim edilib.

“Arsenium” multimedia sənət layihəsi tarixi bir hadisə olan, rus avanqard bəstəkar və nəzəriyyəçi Arseni Avraamovun Bakıdakı ilk performansı “Sirenaların simfoniyası”na əsaslanıb. Arsenium “Sirenaların simfoniyası”nın rekonstruksiyası deyil, daha çox Bakının incəsənət səhnəsində önəmli rol oynamış bu tədbirə ithafdır.

Bu sənət layihəsi psevdo-xronoloji və mifoloji elementlərin stilini özündə birləşdirən video animasiyaya əsaslanır. Layihə üçün musiqi Natalia Qonçarova ilə birlikdə Əli Həsənov tərəfindən yazılıb. Saundtrek rus musiqiçi və bəstəkar Arseni Trofimlə birlikdə Bakı xor və nəfəsli alətlər qrupu tərəfindən ifa edilib. Uyğun atmosfer yaratmaq üçün performans Bakının tərsanələrindən birində baş tutub.

 

Bundan əlavə, onun işləri 52-ci Vyana bienalında, 4-cü Moskva bienalında və müxtəlif müasir incəsənət sərgilərində, həmçinin 2012 və 2013-cü illərdə Londondakı “Fly to Baku” sərgisində, Parisdə, Berlində, Moskvada və Romada, 55-ci Vyana bienalı çərçivəsində və Heydər Əliyev Mərkəzində keçirilən “Love Me, Love Me Not” sərgisində nümayiş olunub. 2016-cı ildə Bakıda MOMA çərçivəsində Əli Həsənovun ALIBI adlı solo şousu nümayiş etdirilir. Fərhad Fərzəli isə Bakıda yaşayır və yaradıcılığını geniş şəkildə Bakıda, Londonda, Berlində, Moskvada, Daşkənddə və Dubayda sərgiləyib. Onun multimedia sahəsindəki işləri antropologiya və incəsənət arasında durur, fəaliyyəti isə Azərbaycan və Qafqaz estetikasının, xalq mədəniyyətinin sosial dinamikasının və nostalgiyasının müxtəlif ölçülərinin araşdırılmasına istiqamətlənib. Rəssamlıq, kompüter qrafikası, qravür, video sənət, instalyasiya və performans kimi sahələrdə çalışan F.Fərzəli “Azeriff” ləqəbi ilə musiqi yaradır, Bakı, Kiyev və Moskva kimi şəhərlərdə DJ seti ilə çıxış edib. Musiqi və səs həmişə Fərhadının yaradıcılığının mühüm xüsusiyyəti olub, indi isə onun ən son yaradıcılığının özəyini təşkil edir.

 

2015-ci ilin sonunda təsis edilmiş Naschkatze layihəsindən bəri Əli və Fərhad birgə olaraq Azərbaycanın və Qafqazın aural irsinin araşdırılması istiqamətində çalışırlar. Müxtəlif mədəniyyətlərin audio nümunələrini qataraq onlar musiqi miqyasında sönüb-parlayan musiqi spiralları yaradır. Onlar elektron ritmləri mahnılarla, danışıqla və digər səslərlə qarışdıraraq zaman və məkan çərçivəsində rəvayətlər yaradır. Onların janrlara meydan oxuyan tərzi, konseptual baxımdan mürəkkəbdir, lakin səsin yayıldığı, əridiyi və bərpa olduğu gözəl və düşündürücü məqamlara malikdir. Onların ilk EP-i olan “Dilber” 10 Avqustda Bakının yeni musiqi leybli olan Geschenk Recordings tərəfindən dünya miqyasında rəqəmsal formatda buraxılıb. Bu EP-də, kompozisiyalarına dərinlik və nüans qatan, müxtəlif beynəlxalq DJ-lərin treklərinin remiksləri mövcuddur.

 

Naschkatze həmçinin musiqi parçaları üçün duetin YouTube kanalında tanış ola biləcəyiniz kliplər də hazırlayır. Videolar hər iki sənətçinin vizual dilinin kəsişməsini göstərir – orada kompüter qrafikasına, animasiyaya və kollajlanmış ikonoqrafiyaya rast gəlmək olar. Bu duet müxtəlif festivallarda, həmçinin 2017-ci ildə Batumidə Foto Günləri Festivalında və 2018-ci ildə isə Gürcüstanda keçirilmiş “Fest I Nova” və “Caucasus All Frequency Festival” tədbirlərində iştirak edib. Onlar həmçinin Bakıda keçirilmiş Unsound Dislocation tədbirində iştirak ediblər və hələ çox çıxışlar planlaşdırıblar. 2018-ci ilin sonuna isə yeni tamformatlı LP yayımlamaq niyyətindədirlər.

 

Naschkatze
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir