Cənubi Azərbaycanda müasir incəsənət və mədəniyyət

Bu məqalədə əsas məqsəd Cənubi Azərbaycanın müasir incəsənətinə və mədəniyyətinə nəzər salmaq, qısa və ümumi formada təqdim edərək orada yaşayan incəsənət nümayəndələrini və sənət sahələrini tanıtmaqdır. Məqalənin əsas hissəsi daha çox çağdaş sənət və İran İslam inqilabından sonrakı 30 ili əhatələyir. Müəlliflər İranda yaşayan azərbaycanlı müasir incəsənət icmasının nümayəndələridir. Planlaşdırırıq ki, növbəti məqalələrimizdə oradakı hal-hazırda inkişaf edən sahələri və nümayəndələrin yaradıcılığını sizə daha ətraflı təqdim edək.

Son 30 ildə Cənubi Azərbaycanda mədəniyyət və incəsənətin ümumi vəziyyəti

İnqilabdan sonrakı illərdə incəsənət və mədəniyyət çətin vəziyyətdə idi, hakimiyyətin bu sahələrə diqqəti ən aşağı səviyyəyə çatmışdı. Bu, xüsusilə, mədəni və siyasi repressiyalarda mövcudluğunu davam etdirən İranın fars olmayan fərqli etnik sənətlərinə daha çox aiddir. Həmin illərdə mədəniyyət məkanları dağıdıldı, sənət nümayişi üçün ciddi qadağalar qoyuldu. İslam inqilabından əvvəl də mədəniyyət siyasi təzyiq altında fərqli formlarada məhv edilirdi. İranda Pəhləvi rejimi dövründə mədəniyyətə çox əhəmiyyət verilirdi, ancaq bu, qeyri-fars mədəniyyətlərinə yox, yalnız fars mədəniyyətinə aid idi. Pəhləvi rejimi dövründə Azərbaycan dili və mədəniyyəti çox zədələnmişdi və onun təsirlərini indi də aydın formada görə bilirik. Ümumiyyətlə, 100 il əvvəl Qacar rejiminin süqutundan sonra Azərbaycan dili, mədəniyyəti və incəsənəti maksimum formada mədəni-siyasi təzyiqlər altında olub. Originallığı və köklərinin məhv olunması, dəyişdirilməsi üçün çoxlu cəhdlər edilib. Son 100 ildə Azərbaycanda incəsənətin əzmkarlığı sənət nümayəndələrinin fərdi səylərindən çox asılı olub. Azərbaycanda, Tehranda və dünyanın digər bölgələrində yaşayan nümayəndələr bu sənəti və mədəniyyəti qoruyub saxlayıb və təbliğ etməyə çalışıblar.

Cənubi Azərbaycanda müasir incəsənət və onun son 30 ildə inkişafı

Son 30 ildə Azərbaycan incsənətini təsvir etmək üçün şübhəsiz ki, əvvəlki illərə və onların təsirlərinə istinad etməyə ehtiyac var. Hər şeydən öncə, Avropanın mərkəzində Fransız inqilabını və digər Avropa dəyişikliklərini hiss edən və qavrayan, qayıdışı və düşüncələri konstitusionalist cərəyanın formalaşmasına səbəb olan Təbrizli Əli Müsyönün rəhbərlik etdiyi konstitusiya ilə başlayaq. Konstitusiya (Qacar) dövrü təkamül, tərəqqi, demokratiya, cəmiyyət, qadın, seçki, parlament və mədəniyyət ilə seçilirdi. Bu yanaşma incəsənət nümayəndələrinin fərqinə varılmasına və ənənəvi baxışların təkamülünə səbəb oldu. Azərbaycandan olan sənət nümayəndələri Rusiyaya, Avropaya, Tehrana getdilər və incəsənətdə böyük boşluq yaratmış oldular. Baxmayaraq ki, Azərbaycandakı nüfuzlu sənətçilər daha çox problem və çətinliklə qarşılaşdı, dəstəksiz qaldı, amma Avropa incəsənəti ilə sinxron irəlilədi. Bu dəyişikliklər ilk olaraq plastik incəsənətdə, teatrda, ədəbiyyatda və digər incəsənət sahələrində gözə çarpdı. Cəmiyyət nə qədər ənənəvi idisə, sənət nümayəndələri bir o qədər müasir idi və yeniliyə can atırdı. Bu disbalans vəziyyəti çətinləşdirirdi. Dəyişikliklərin nə olmasından asılı olmayaraq, bu nailiyyətlər, cəhdlər və müasirlik yeni və indiki incəsənətə transformasiya edildi. Konstitusiya inqilabından sonra intellektual insanların və incəsənət nümayəndələrinin səyləri sayəsində indiki dövrdə azərbaycanlı sənətçilərin mental düşüncələrində və baxış bucağında geriləmə yoxdur. Gerilikdən danışsaq, yalnız sənət nümayəndələrini yox, dövlət və qeyri-hökumət nəzdindəki incəsənət qurumlarını, mədəni, şəhər və sosial strukturları da düşünmək lazımdır. Tam 30 il əvvəl – 1980-ci ildə İran və İraq arasında 8 illik müharibədə bir çox azərbaycanlı gənc iştirak etdi. Yaradıcılığı və uğurları ilə Azərbaycan incəsənətinə böyük töhfə verə biləcək çox sayda gənc insan şəhid oldu. İqtisadi, mədəni və bədii çətinlik illəri, bir neçə mədəniyyət mərkəzinin fəaliyyətinin dayandırılması və durğunluğu bu vəziyyəti daha da pisləşdirdi. Bunlarla yanaşı, potensialına, təsir gücünə baxmayaraq, repressiya altında yaşamış qadınları, onlara qarşı dini və ənənəvi təzyiqləri unutmaq olmaz. Lakin 1988-ci ildə müharibənin bitməsi ilə mədəni intibah başladı. Dini düşüncə ən çox musiqiyə neqativ təsir etmişdi. Hətta bu repressiya o qədər böyük idi ki, hər hansı musiqi alətinin daşınması qadağan edilmişdi və heç bir konsert, tamaşa nümayiş olunmurdu. İslamda musiqi və rəqs qadağandır və bu yanaşma Azərbaycanda ciddi şəkildə tətbiq olunurdu. İnsanlar rəqs və musiqi ilə yalnız evlərdə, gizli məkanlarda, kəndlərdə və aşıqların çıxış etdiyi gizli toy mərasimlərində məşğul ola bilirdi. Şəhərlərimiz musiqi və rəqsdən, biz isə onların gözəlliyindən, zövqündən məhrum idik. Artıq rəssamlığın, kinonun və fotoqrafiyanın mədəni yükünü daşımaq vaxtı gəlmişdi.

Müasir incəsənətin inkişaf etdiyi şəhərlər

Azərbaycan tarixində, incəsənətində və mədəniyyətində dəyərli və əvəzolunmaz rolu olan bir çox əhəmiyyətli, sıx məskunlaşmış və qədim şəhərlər var. Lakin son 100 ildə Cənubi Azərbaycanın mədəniyyət və incəsənət mərkəzi Təbriz olub. Bura təkcə Azərbaycanda deyil, bütün İranda müasirliyin, siyasi və sosial təkamülün, yeni incəsənət sahələrinin və metodların qapısı idi. İlk mətbəə, ilk qəzet, ilk teatr, ilk roman, ilk ensiklopediya, ilk kütləvi kitabxana, ilk kinoteatr, ilk müasir məktəb, ilk teatr tamaşası Təbrizdə yaranıb, daha sonra Tehrana yayılıb. Ənənəvi və tarixi incəsənəti Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində izləyə bilsək də, müasir və qərb sənətinə daha çox Ərdəbil, Urmiya, Xoy, Zəncan və Qəzvin şəhərlərində rast gəlmək olar.

Müasir incəsənətdə medianın rolu

Son 30 ildə medianın sənətə təsirinə, mövcudluğuna və dəstəyinə istinad etsək, deyə bilərik ki, media bu mövzuda əhəmiyyətsiz, hətta bəzən incəsənətin inkişafına və çiçəklənməsinə zidd olub. 1990-2010 aralığındakı 30 ilin ilk 20 ilində media strukturları televiziya, qəzet və jurnallar idi. Televiziya yalnız hökumət tərəfindən idarə olunurdu və tamamilə qərəzli idi. İranda televiziyanın məqsədi inkişaf, rifah və incəsənətə dəstək olmaq deyil, həm də ona qarşı hərəkət etmək və auditoriyanı səhv istiqamətdə məlumatlandırmaqdır. 20 il əvvəlin yerli debüt kanalları (əyalət televiziya kanalları) nəinki Azərbaycan incəsənəti və mədəniyyətinə təməl və düzgün bir yanaşma nümayiş etmədi, eyni zamanda incəsənəti və nümayəndələri məhv etmək, aşağılamaq üçün çox iş gördü. Azərbaycanda qəzetlər olduqca zəif, acizdir. Bunlar əsasən şəxsi maliyyələşdirmə ilə çap olunur və bədii, mədəni və siyasi təzyiqlərin təsirini nəzərə alsaq, keyfiyyətli jurnal 4-5-ci sayına çatmır və çapı dayandırılır. Beləliklə, Azərbaycanda mətbuat uğurlu olmadı və əsas səbəb dəstəksizlik, bədii və mədəni təzyiqlər idi. Son 10 ildə isə media virtual sahələrdə çox inkişaf edib. Sənət nümayəndələrinə dəstək və onların təqdimatı üçün bir çox onlayn səhifələr yaradılıb. Ancaq bu səhifələr lazımi məlumatları olmayan insanlar tərəfindən idarə olunur. Bu misiya və hədəf olduqca məsuliyyətli, vacib və mürəkkəb məqamdır. Amma bu virtual səhifələr Azərbaycan incəsənətini və nümayəndələrini dünyaya tanıtmaq potensialında deyil.

Son illərdə müasir incəsənəti irəli aparan məkanlar, qurumlar və aparıcı nümayəndələr

Bəlkə də bu məqalənin ən ağır hissəsi elə budur. Hansı bədii mərkəz? Hansı mədəni struktur? Ən yaxşı opera və teatr salonlarından biri olan Şiri-Xurşid salonunun 1981-ci ildə tamamilə dağıdılması o zamankı və indiki bütün sənətkarların ruhuna toxunub. Son 30 ildə Azərbaycanda incəsənət təqdimatı, yaradıcılığı və nümayişi üçün heç bir məkan yaradılmayıb, yaradılsa belə, qısa müddətdə bağlanıb, tənəzzül edib ya da durğunluq içindədir. Son 20 ilə qədər bütün strukturlar hökumət tərəfindən idarə olunurdu. Son 10 ildə özəl sektor tərəfindən az sayda kinoteatr və təxmini 10 qalereya açılıb. Bir-ikisi istisna olmaqla, bu qalereyaların hamısı işlərini qeyri-peşəkarlıqla və sənətçilərin öz büdcələri hesabına davam etdirir. Özəl sektorların kinoteatr kassaları isə yalnız Tehran incəsənəti üçün açıqdır və bədii filmlər nümayiş olunmur. Digər şəhərlərdə vəziyyət daha da pisdir. Konsertlərin repertuarının 90%-i vulqar fars pop musiqisidir. Azsaylı konsertlərdə Azərbaycan və əsas bədii axınların musiqisini görmək olar. Performans və yer incəsənəti (land art) kimi yeni janrlar üçün mental, mədəni və strukturlaşma meyili yoxdur və olmayıb.

Şir-e-Xurşid salonu

Rəssamlıq və fotoqrafiya

Azərbaycan rəssamlığının son 30 ilindən bəhs etmək istəsək, müasir rəsm sənətinin meydana gəlməsinə, təbliğinə və köklərinə müraciət etməliyik. Rasam Arzangi Azərbaycanda müasir rəngkarlıq sənətinin banisi kimi tanına bilər. O, müasir impressionizmi Rusiyada öyrənib. Təbrizə qayıtdıqdan sonra Cənubi Azərbaycanın ən önəmli rəssamlıq emalatxanasından biri olan Mirak Sənət Məktəbini təsis edib. Tehranda Fransız naturalizmini tətbiq edən Kamalülmülkdən fərqli olaraq, o bu məktəbdə rus impressionizmi, realizm və sosialist realizmi kimi janrlara üstünlük verdi. Kamalülmülkün tələbəsi olan, lakin bu sahədə davam etməyib daha fərdi və modern metod seçən digər məşhur rəssam Əliəkbər Yasəmidir. O, Mirak Sənət Məktəbində dərs deyib, İbrahim Postpənahi, Moqalebi kimi istedadlı rəssamların müəllimi olub. 1959-cu ildə Fransadan İrana qayıtdıqdan sonra Hüseyin Kazımi Təbrizin Mirak Sənət Məktəbinin direktoru oldu. O, bu vəzifəni İran Mədəniyyət Nazirliyinin əmri ilə qəbul etmişdi. Bu hadisə Mirakda və Təbriz incəsənətində böyük təəssürat yaratmışdı. Məktəb Yasəminin və Kazıminin tələbələri olmaqla iki qrupa ayrıldı.

Müasir dönəm isə daha çox 2010-cu illərdə təhsil almış nəsildən ibarətdir. Bu incəsənət nümayəndələri arasında Təbrizdən Səid Banihüseynianı, Şəhriyar Burandı, Navid Namini, Ərdəbildən Savalan Camaatini xatırlada bilərik. Onlarla yanaşı, müasir yanaşması ilə mədəni strukturu, rəssamlıq və incəsənət modelini dəyişməyə çalışan, növbəti nəsillər üçün yeni incəsənət bazasının yaradılmasına dəstək olan Qədir Mənsur da var. Sonuncu nəsil incəsənət nümayəndələrinin xüsusi tərəfi tamamilə fərdi yaradıcılıqlarının olmasıdır. Muzeylər, qalereyalar daxil olmaqla, heç bir dövlət, şəhər və ya özəl qurumlar onları dəstəkləmir, müstəqildirlər. Onların əksəriyyətinin Tehrana və ya xaricə getməsinə səbəb olan da bu vəziyyətdir.

İran və İraq arasındakı 8 illik müharibədən sonra incəsənətdə böyük boşluq yarandı. Çünki o dövrün gənc rəssamları arasında şəhid olanlar var idi. Müharibədən sonrakı dövrdə isə Nasir Baxşinin, Babək Əmcadın, Afşin Pirhaşıminin, İbrahim Məhəmmədianın, Elnaz Cavaninin adını çəkə bilərik. Baxmayaraq ki, bu dövrlərdə rəssamlar çox idi, amma müharibə öz təsirini köklü formada göstərirdi. Çünki kifayət qədər keyfiyyətli təhsil, resurs və yaradıcılıq yox idi. Ona görə də rəssamlar ölkəni tərk edirdi.

Kazıminin tələbələri arasında Məhəmməd Fasutaki, Ammamepiç, Matzur Qandriz və Davud Emdadian, Fərah Osuli, Nəsratullah Moslemian, Əhməd Vəkili, Rizvan Sadıqzadə, Çellipa, müasir heykəltaraşlar Bəhruz Heşmat və Bəhruz Daraşın Cənubi Azərbaycan incəsənətində xüsusi yeri var. Onların əksəriyyəti Tehran Universitetinin Təsviri sənət fakültəsinin tələbələri olub. Bu parlaq nəsildən sonra isə inqilab baş verdi. Mirak məktəbi və incəsənət universitetləri uzun illər bağlandı. Mədəni atmosfer dəyişdi. Şərtlər daha da çətinləşdi, sosial təzyiqlər çoxaldı.

Cənubi Azərbaycanın yəqin ki, ən parlaq incəsənət sahələrindən biri fotoqrafiyadır. İranın ilk fotoqrafı və İrana bu janrı tanıdan Nəsir-əl-Din olub. Fotoqrafiya bütün dövrlərdə ən inkişaf etmiş sahə olsa da, Cənubi azərbaycanlı fotoqrafların başqa ölkələrə köçünü də vurğulamalıyıq. Bəlkə də bu sahənin belə uğurlu olmasının səbəbi də bu miqrasiyalar, fərqli coğrafiyalardır. İlk nəsil fotoqraflar arasında Hadi Şafayi, Faxreldini, Əhməd Əli; ikinci nəsildə Rza Diqqəti, Mənuçehr Diqqəti, Seyfullah Samedian; üçüncü nəsildə Mehran Mohacer, Kərim Motaqi; dördüncü nəsildə isə Həsən Sarabsian, Cəlal Şəms Azaran və Mehrdad Afsarinin adlarını qeyd etmək olar.

Teatr

Məcid Vadehi və Əsgər Nurinin rəhbərlik etdiyi İranın ən vacib teatr festivalı olan Fəcr son illərdə daha çox tanınıb. Son 10 ildə teatr sənətinin ən əhəmiyyətli inkişafı isə türk dilində tamaşaların nümayişidir. Belə ki, bu dalğa Azərbaycanın müxtəlif şəhərlərində başladı və reklamasiyalarla qarşılaşdı. Konstitusiya İnqilabı ilə bağlı tamaşalar və klassik Qərb ədəbiyyatının türkcə tərcümələri nümayiş olundu. Bu sahənin görkəmli nümayəndələri arasında Mənsur Həmidi, Əyyub Ağaxani və Əli Pourian, Yusifəli Daryadel və Hadi Hejazifar, Atabəy Nadiri, Nadir Borhani Mərənd var.

Kino

İlk vaxtlar Azərbaycan kinematoqrafçılarına türk dilində film çəkməyə icazə verilmirdi. Ancaq 70-ci illərdə qısametrajlı filmlərin artması və gənclərin kinoya marağı ilə yanaşı, türk filmlərinin innovasiyası yeni nəsil kinematoqrafçılar tərəfindən istifadə edildi. Elə Rəhbər Qənbərinin “Ou” filmini türk dilində olan ilk film adlandıra bilərik. O, Fəcr film festivalında nümayiş olunub və auditoriyanın diqqətini çəkmişdi.

Uzunmetrajlı filmlərlə yanaşı, son onilliklərdə İranın qısa filmləri də əhəmiyyətli dərəcədə inkişaf etdi və yalnız türk dili deyil, sosial baxış və dünyagörüşü, estetik xüsusiyyətləri Azərbaycan kinematoqrafiyasına beynəlxalq şöhrət qazandırdı. Bu axının filmlərindən biri də kinematoqrafçı Cəfər Pənahinin Kann festivalında ən yaxşı ssenari mükafatını qazanan türk dilində çəkilmiş “Se Rokh” filmidir. Artım o dərəcədə idi ki, artıq Qum, Xorasan və Fars əyalətlərindəki türk kinematoqrafçıları da türk dilində filmlər çəkməyə başladı.

Son iki ildə, kinoteatr auditoriyası ilə yanaşı, dünya miqyasında mötəbər festivalların da diqqətini çəkən çoxsaylı türk filmləri var. Bunlar arasında Niki Kəriminin “Atabay” filmi, Bəhmən və Bəhram Arkın “Poost”, İsmayıl Monsefin “Komur” filmləri yer alır. Beynəlxalq kino arenasında iştirk etməklə yanaşı, müxtəlif nüfuzlu mükafatların qalibi olan yerli filmlər də var. Məsələn, Rəhbər Qənbərinin “Ou” filmi Fəcr film festivalının ən yaxşı rejissor və İtaliyanın “Religion Today” film festivalının ən yaxşı filmi mükafatına layiq görülüb. Nağı Nemətinin “An se” filmi İsveçrənin “Locarno” festivalının əsas hissəsinə seçilmişdi. Bununla yanaşı, rejissorun “Ba ou” adlı qısa filmi Fəcr festivalının “Kristal Simurq” mükafatının qalibi olub. Əsgər Yusifinzadın “Eo” filmi Fəcr festivalının ən yaxşı filmi mükafatına layiq görülüb, Yaponiyanın Tokyo və Estoniyanın Tallin film müsabiqələrinin iştirakçısı olub.

Müasir Ədəbiyyat

Ümumiyyətlə, ədəbiyyat Cənubi Azərbaycan mədəniyyətinin fundamental hissəsidir. Elə burada qeyd etmək yerinə düşər ki, Təbriz dünyada 400-dən çox şair və ədibin dəfn olunduğu “Şairlər Məqbərəsi” adlı tarixi türbənin yerləşdiyi yeganə şəhərdir. Cənubi Azərbaycan ədəbiyyatının İmadəddin Nəsimi, Xəqani, Şah İsmayıl Xətai, Qasım Ənvər, Saib Təbrizi, Məhəmməd Füzuli və İraj Mirzə kimi türkdilli ədəbiyyat nümayəndələri olub. Müasir dövr ədəbiyyatında Səməd Behrəngi, Qulamhüseyn Sədi və Rza Barahani İranın ən nüfuzlu nümayəndələri idi və son illərin müasir, siyasi və sosial ədəbiyyatının sütunları olduğu da şübhəsizdir. Eyni zamanda, İran ədəbiyyatının məşhur ədəbiyyatçısı Rza Seyid Hüseyni və qərb ədəbiyyatı və fəlsəfəsindən tərcümələr edən Xaşayar Deyhimiyə istinad etmək olar. Yeri gəlmişkən, Rza Seyid Hüseynin “Ədəbi məktəblər” kitabı İranda istinad əsərlərdən biri hesab olunur. Azərbaycan ədəbiyyatının digər tanınmış simaları arasında mühüm əsərlərin tərcüməçisi olmuş Qulamhüseyn Fərnud da var. Çağdaş ədəbiyyatın tanınmış simalarından isə Əlirza Seyfədini, şair və tərcüməçi Əhmədpuri, Rəsul Yunan və fransız tərcüməçi Əsgər Nurinin əsərləri ilə tanış ola bilərsiniz.

Şimali Azərbaycan müasir incəsənətinin cənuba təsiri

Siyasi sərhədlər ayrı olsa da, Arazın hər iki tərəfinin incəsənət və mədəniyyət kökləri eynidir. Sovet və Pəhləvi dövründə bir çox dəyişikliklər baş versə də, iki bölgənin sənəti bir-birinə çox təsir edib və əlaqələr, tərəfdaşlıq nə qədər az olsa da, həmişə mövcud olub. Azərbaycanın musiqi, poeziya və teatr sahəsindəki fəaliyyəti inkişafına və azadlığına görə Cənubi Azərbaycana güclü təsir göstərib və sənətkarlar arasında yaxşı münasibətlər, tanışlıqlar olub. Məsələn, Cənubi Azərbaycanda musiqi bir çox məhdudiyyətlərlə qarşılaşıb. Ancaq Rəşid Behbudov və Əli Səlimyunun birgə fəaliyyəti və Azərbaycan musiqisində bənzərsiz və əbədi əsər olan Ayrılığın yaradılması qarşılıqlı əlaqələrin bədii göstəricisidir. Son 30 ildə belə birgə fəaliyyət olmasa da, Alim Qasımovun, Arif Babayevin və başqalarının konsertləri Cənubi Azərbaycan musiqisinə təsir edib. Amma bilinməyən səbəblərdən plastik incəsənəti və kino sahələrində bu münasibətlər qurulmayıb.

[vc_single_image source=”external_link” alignment=”center” external_style=”vc_box_rounded” custom_src=”https://upload.wikimedia.org/wikiped
Müəllif: Navid Nami, Səid Banihüseynian

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

1 Comment

  • Salamlar.

    Yaydığınız bildirişlərə görə çox sağ olun. Bəzi müasir mədəniyyət fəxrləri qələmdən qaçmışlar. Bəzilərinin adları və ixtisaslarını bildirirəm:

    – Kəyumərs Kiyasət: Rəssam, qrafist, karikaturçu
    – Nasir İrani: Rassam
    – Nasir Mirqati: Şayir
    – Həbib Sahir: Sayir
    – Saleh Ətayi: Yazıçı (novelist) və şayir
    – Əli Səlimi: Bəstəkar
    – Mahmud Şatiriyan: Tarzən, musiqi uzmanı
    – Əli Fərşbaf: Kamança çalan, musiqi uzmanı
    – …

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir