Uğurlu peyzaj səhnələri, fotoqrafik gözün ustaca sərgiləndiyi “Adsız yüksəkliklər” filminin minimalist sxematik texnikası yetərincə maraqlı, özünəməxsus idi. Yerli tamaşaçı istər dünya kinematoqrafiyası istər yerli filmlərdən yaraqlanaraq gözlədiyi filmi görə bilməyəcək. Fərqli bir yol izlənilib və etmək istənilən qismən bacarılıb. Aktyorların peşəkar, yüksək səviyyəli obrazlanmasını onsuz da istəməyən rejissor onları təsviri, hərəki esseciliyində sadəcə şahmat fiqurları olaraq istifadə edib. Necə ki, şahmatda əsas üstünlük oyunçulardadır, eyni ilə bu filmin tamaşaçı ilə danışdığı dil obrazların kifayət qədər dolğun canlandırmasıyla tamaşaçıya çatacaq olan emosional mətn deyil. Obrazları sadəcə bir fiqur kimi oradan-oraya daşıyan rejissorun istədiyi onların mətni ustalıqla canlandırıb intonasiya, sima emosiyası ilə səsləndirməsi deyil, sadə səsləndirməsidir. Film içində obrazların dialoqlar zamanında bir-birinin yanına sxematikcə, teatral dəqiqliklə gəlməsi sanki hansısa görünməz əlin onları bir nöqtədən çəkərək oraya gətirməsi təəssüratı yaradır. Hətta filmin bir səhnəsində səyyahla ovçu arasında keçən qısa şahmat oyunu səhnəsi rejissorun bu texnikasına göndərmə sayıla bilər. Filmin ilk səhnələrində kəndə qayıdan səyyahı sxematik düzülüşlə qarşılayan obrazların bu təzadı şahmat taxtasında ağlarla qaraların üzbəüz nizami düzülüşünə bənzəyir. Zamanla görünməz bir əl onları həndəsi gedişlər təki parçalayacaq, eyni nöqtədən təməl tapıb uzanan hərəki xəyali iplər kimi ordan oraya bucaqvariliklə künci gedişləndirəcək. Səhnələr əvəzləndikcə görürük ki, dialoqlar vaxtı bəzən obrazın nitqi eşidilsə də özü susqun, hərəkətsiz göstərilir. Halbuki səslənən mətndaxili bir monoloq deyil, bir müddətdən sonra həmin obraz nitqinə bu dəfə susqunluğunu pozaraq canlandırmalarla davam edir. Burdan da anlamaq olur ki, rejissorun istədiyi ustalıq, qabarıq emosiyalar, nitqin bəlağəti deyil. O, sadəcə mexaniki obrazlandırmalarla tamaşaçı ilə danışmaq istəyir. Tamaşaçının diqqətini obrazların ustalığı ilə mətnlərin məna yükü, əxz etdiyi fikri canlanmalar, oyanmalar arasında parçalamaq istəmir. Onun məqsədi filmə baxmış olan tamaşaçının hansı obrazın daha yaxşı, hansının daha zəif ifası deyil. Əsas məqsəd səslənən mətni düşünməsi, analiz etməsidir. Aktyorların ustalığı ilə tamaşaçının ofsunlaması ona sadəcə lazım deyil. Daha çox teatr sənətinə uyğun olan bu həndəsi şahmat texnikasını Hilalın öz filmində istifadə etməsi maddi cəhətdən çətinlikləri olan filmi çəkməkdən ümidsizcə vaz keçməməsi, qarşılığında çarələr axtararıq sonunda minimalistlik nəzəriyyəsindən istifadə edərək minimalist kino dili səslənişi təcrübəli tamaşaçını təsirləndirməyi bacarır və arzulanan mistik ünsiyyət yaranır. Yaradıcılıqdan küsmədən indi bütün sənət sahələrində öz əksini tapan, yaradıcılığın məişət müstəvisindən sənət müstəvisinə qədər əhatələnməyi bacaran minimalizmdən öz filmində istifadəsi rejissorun fərdi yaradıcı arayışları baxımından təqdirəlayiqdir.

 

Ancaq bu sxematiklik tamaşaçını sadəcə quru bir obrazlandırma ilə də baş başa buraxmır, zaman keçdikcə filmin süst dili obrazların simasında özünəməxsusluq, ab-hava, sehirli bir əhval qazanmağı bacarır. Rahatlıqla anlamaq olur ki, rejissorun aktyor seçimi geniş olmayıb ancaq bununla belə o, obrazları ətrafındakı insanlardan topladığı aktyorluqla bağlı bilgi və təcrübələri olmayan az saylı aktyorlar arasında ustalıqla tipləndirməyi bacarıb. Belə ki, hər aktyor öz rolu ilə xeyli uyum içindədir. Görünür onlar da rejissorun çatdırmaq istədiyi minimal obrazlanmanı kifayət qədər doğru anlamış və içlərindəki çılğın aktyora tabe olmamışdılar.

 

Hadisələrin ucqar bir dağ kəndində bir neçə kənd sakini arasında baş verməsinin mətnin dilində heç cürə əks tapmaması da rejissorun növbəti texnikasından biridir. Yenə də yad ünsür və təsirlərin tamaşaçının diqqətini dağıtmaması adına atılmış addımdır. Bura “Adsız yüksəkliklər”dir, bura gələn və gedən yollar, sərhədlər, körpülər naməlumdur. Fərqi yoxdur Azərbaycanın hansı regionudur, hətta dünyanın harasıdır, obrazlar hansı zonanın, nəslin genetikasını daşıyır. Hətta onlara fərdi adlar qoymayaraq sadəcə fiziki özünəməxsusluqlarından yola çıxaraq Ovçu, Səyyah, Şikəst, Toxucu, Dul, Atlı, Sonradan gələn qız olaraq adlandırması da minimalist təhkiyəçi texnikanın nişanəsidir. Ləhcələrin, sərhədlərin, ağacların, dağların, çayların heç birinin önəmi yoxdur. O səbəbdəndir ki, mətnin və obrazların dili sadə bir insan dilidir. Rejissor bütün sərhədlənmələr, çərçivələnmələrdən kənar hər birimizin sadə bir insan olduğumuzu, hər birimizin sadə bir insanın hikkəsini, duyğusunu, var olma, yaşama eşqini, nəfsini, zəifliyini, gücünü, çarəsizlik və azmanlığını, təslimiyyət və qələbə əzmini daşıdığımızı bizlərə çatdırmaq istəyir . Hər birimiz iç səsimiz, bizi yaşadan güc olduğunu zənn etdiyimiz səslərə təslim olub sonra bizi tərk edib atdığı qaranlıq quyularda günahkarlıq və azmışlıq duyğusu ilə az çapalamadıq. Göstərdiyimiz kimliyimizin altında onlarla kimlik daşıdığımızın təcəssümü olan obrazların hansı regiondan olmasının da bu hərəki fəlsəfi essecilikdə heç bir motivi yoxdur. Hətta film boyu sanki digər obrazlardan üstün olduğu təəssüratı yaranan səyyahı iç səsinin susması ilə tərksilah edib digər obrazların sırasına daxil edən rejissor hər birimizin sahib olub və olmadıqlarımızdan asılı olmayaraq istənilən halda sadə, yabanı bir insan olduğunu bir daha vurğulayır.

 

Mətndə bir neçə leksikoloji səhvi, fərdi texnikadan kənar orfoepik, vurğu və sözlərə bağlı qrammatik qüsurları, montajla bağlı xeyli məlumatsız olmağıma baxmayaq görə bildiyim bir neçə detalın varlığını isə gələcən filmlərin daha uğurlu alınması adına yazmaq istəyirəm. Xüsusilə filmin obrazlarından olan atlıya diqqət ayrılacağı vurğulansa da bu diqqətin unudulması gözəçarpan önəmli senarist səhvlərindən idi.

İstənilən halda poetik film dili, yaradıcı axtarışları, ən əsası yerli film meydanındakı mutiliyi az da olsa dağıtdığı üçün Hilal Baydarova təşəkkür edirəm. Yaradıcılıq eşqinin tükənməməsini diləyirəm. Ümid edirəm “Adsız yüksəkliklər” bu yaradıcı sahədə nələrsə etməyə çalışan film təəssübkeşləri üçün yetəri qədər işıqlı bir mayak olmağı bacarar.

Tags: