Üzləşmək istəmədiyimiz gələcək

 Üzləşmək istəmədiyimiz gələcək

1965-ci ildə Münhendə doğulan, əsasən, “Manifesto” (Manifest, 2016)  filmi ilə tanınan Culian Rouzfeldt sosial reallığı futuristik və absurd tərzdə şərh edərək təsirli video instalyasiyaları yaradan, filmləri ,əsasən, muzeylərdə və müasir incəsənət qalereyalarında nümayiş etdirilən video sənətçisidir. 

 

Rouzfeldtin 2015-2017-ci illərdə çəkdiyi “In the Land of Drought” (Quraqlıq ölkəsində) filmi insan və onun dünya ilə arasındakı əlaqəyə fərqli aspektdən, bir köç hərəkəti üzərindən yanaşır. 43 dəqiqəlik bu film insanın sənaye inqilabından sonra varlığını ən çox göstərdiyi dövrdə sürətli istehlak və yaxud yox etdiklərinin nəticəsi olan distopiyanı göstərir.  Bəşəriyyətin öz-özünü yox etməsinin ardından ağ geyinmiş bir qrup elm adamı xarabalıqlarda, çöllərdə, stansiyalarda, tərk edilmiş yaşayış məntəqələrində sivilizasiyanın qalıqlarını araşdırır. Çəkilişləri Mərakeş və Almaniyada həyata keçirilən film “Manifesto” filmindən də xatırlaya biləcəyimiz təsirli kinematoqrafiyanın daha uzun versiyalarını izləyiciyə təqdim edir. Filmdəki insanların hərəkət axını sanki heyvanlar haqda olan sənədli filmlərdə gördüyümüz heyvan sürüsü köçünə bənzəyir. Kimsəsiz mənzərələr və xarabalıqlar üzərində hərəkət edən “quş baxışı” (bird’s-eye shot) kamera həmin səhnələri sanki başqa bir canlının gözündən izləyirmişik hissini yaradır.  

 

Məsələn, alimlər bir amfiteatra gedib çıxmazdan öncə tənha, palçıqlı, yararsız torpaqlarda dolaşır, daha sonra dronla birlikdə amfiteatra çatır və orada toplaşırlar. Gözə bənzəyən teatrın içində alimlər get-gəl hərəkəti ilə çoxalıb dağılırlar. Həmin bu görüntü bir hüceyrə daxilində hərəkət edən mikro orqanizmləri xatırladır. Filmdə istifadə olunan istər səslər, istərsə də məkanlar və görüntülər kifayət qədər qorxuludur. Kameranın girdiyi yerlərdə, məsələn, xarabalıqda yatan itlərin bir anda eynilə alimlərin qaçışı kimi sürü halında qorxub qaçması insanın digər canlılara qarşı mərhəmətsizliyini göstərsə də, əslində bizim də hər hansı təhlükə anında onlar kimi kollektiv şəkildə hərəkət edə biləcəyimizi vurğulayır. Bu səbəbdən də film kainatın onun içində mövcud olan bütün canlılarla birgə bütöv bir sistem  olduğunu, Antroposen dövrün insanının daha həssas və dözümlü olmalı olduğunu optimist fikirlərlə təklif edir. Bu mənada film bizi üzləşmək istəmədiyimiz gələcəklə qarşı-qarşıya buraxır və hər hansı bir fəlakət vəziyyətində necə davranacağımızı göstərir. 

Culian Rouzfeldtin 2013 və 2014-cü illər arasında çəkilən ağ-qara “Deep Gold” filmində girişdə intihara cəhd göstərən, bu səbəblə “zəif” adlandıra biləcəyimiz bir kişi qəhrəmanın qəribəliklərlə dolu küçələrdə dolaşmasını göstərir. Barlar, fahişəxanalar, fahişələr və ətrafda gəzən insanlarla dolu sürreal bir mühitdə avara halda küçələrdə gəzişən, olduqca xoş və centlmen görünüşlü qəhrəman hər yerdə qadınlar tərəfindən yaradılan  arzu və şəvhət dolu atmosferdən dəhşətə gəlir. 

 

20-ci əsrin əvəllərində “hücuma” məruz qalan müasir cəmiyyətin portretini yaratmağa çalışan Rouzfeldt filmdə  çılpaq FEMEN aktivistlərinə, Wall Street şüarlarının olduğu afişalara yer verərək yüzilliyi tənqid edir. Olduqca pessimist və müharibə illərinin ardından tərk edilmiş, kimsəsiz, xəstəlik və qorxu dolu küçələrin təsvirindən sonra qəhrəmanın “Deep Gold” adlı gecə klubuna daxil olmasıyla sanki yepyeni bir dövrə qədəm qoyuruq. Cinsi azadlığın bəzən “həddini aşdığı” bu yer ilə küçələr kəskin bir xəttlə ayrılır. Aclıq və səfalətin  hökm sürdüyü illərdə burjua həyatını tənqid edən Rouzfeldt, binalar partladıqdan sonra dağıntıların içindən qəhqəhələrlə, əyinlərində kürklərlə çıxan bir qrup burjuanı bizlərə göstərir. Daha sonra yerə atılan silahı ilk çox kiçik bir uşağın götürməsini göstərərək siyasi və ictimai mesajlar verir.

 

Ağ-qara tərzdə ustalıqla çəkilmiş filmdə gecə klubuna daxil olduqda ağ-qara görüntünün üzərində bəzən qeyri-müəyyən rəqəmsal  işıq və rəng fasiləsi düşür. Bu da öz növbəsində, 20-ci əsrin əvəllərində futurizmə olan maraq və heyranlığı ifadə edir. Qəhrəmanın üzərinə yerləşdirilən kamera ilə çəkilmiş səhnələr isə onun içində olduğu mühitdən necə dəhşətə düşdüyünü anlamağa imkan verir. 

 

İzləyicilər sənətçinin işlərindən yalnız öz intellektual səviyyələri qədər faydalana bilərlər  və Culian Rouzfeldt çatdırmaq istədiyi şeylərlə ,demək olar, heç bir izləyicini kənarda qoymayacaq üsluba sahibdir. 

 

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir