Orxan Ağazadənin “Məhbus” filmi Kannda!
Son günlərdə ölkədə baş verən hadisələrə görə məyus olsaq da, yaradıcı həmvətənlərimizin dünyadakı uğurlarını görmək və sizə təqdim etmək bizi qürurlandırır. Belə ki, rejissor Orxan Ağazadənin debüt layihəsi olan “Məhbus” Kann film festivalının Cinefodation La Residence-inə seçilmiş altı beynəlxalq layihə sırasındadır.
Filmin qəhrəmanı Rasim dostlarının zarafatının güdazına gedib qətl törətdiyinə görə həbs olunur. Azadlığa çıxdıqdan sonra doğma kəndinə sakit həyat sürmək niyyəti ilə dönən Rasim çox keçmir ki, həbsxanadan göndərilən elçinin təkidi ilə şəhərə dönməli olur. Tezliklə çıxılmaz vəziyyətə düşən Rasim özünü öldürmək qərarına gəlsə də, döyülən qapı səsi onu bu fikrindən yayındırır.
Orxan Ağazadənin filmləri haqqında saytımızda daha öncə yazılar yayımlamışdıq. Orxan Ağazadənin diplom işi “The Chairs” (Oturacaqlar) filmi Fransanın prestijli Anje Premyer Plan film festivalının rəsmi seçim siyahısına daxil olmuşdü. Ötən il 31-cisi keçirilən festival 25 yanvar – 3 fevral tarixlərində Fransanın Anje şəhərində keçirilmişdi. Həmin film martın 31-i Bakıda, Salaam Cinemada da yayımlanıb.