Rəsul Həsənin “Azərbaycan Qrafik Dizayn Tarixi” kitabı çap olunacaq

Rəsul Həsən 10 ildən çoxdur ki, qrafik dizaynla məşğul olur. O, Azərbaycan qrafik dizaynının tarixilə də maraqlanmaya başlayıb. Ölkədə ilk reklam agentliyi kim olub, ilk qrafik dizayner kimdir, hansı işlər görülüb və s. kimi suallara cavab axtararkən bu sahənin yaşlı nümayəndələrilə söhbət etməyə başlayan Rəsul hər dəfə fərqli cavablar aldığından qrafik sahəsini daha  detallı və dərindən araşdırmaq qərarına gəlir. Araşdırmalara 1990-cı illərdən yox, lap əvvəldən, Əkinçi qəzetindən başlayır. Beləliklə “Azərbaycan Qrafik Dizayn Tarixi 1875-1990” kitabı ərsəyə gətirilir. Qrafik dizaynı tariximiz əvvəllər ətraflı araşdırılmamışdır, toplanan bir çox məlumatlar isə toz-torpaq altında qalıb, bu kitabla onlar da gün işığına çıxmış olacaqlar. Məhz buna görə də 400 səhifədən ibarət kitabı ensiklopediya adlandırmaq olar. Kitabda qəzet, jurnal, plakat, müxtəlif qablaşdırmalar, qiymətli kağızlar, loqo dizaynları və s. işlər yer alıb. Kitabın hazırlanmasına sərf edilən 3 ildə ümumilikdə ilkin mərhələdə Azərbaycan, Rusiya, Avropa və Amerika arxivlərindən 3000-dən çox vizual məlumat toplanılıb. Onlardan 2000-ə yaxını kitabda yer almışdır. Bu tədqiqatlar zamanı komandada 50-yə yaxın insan çalışmışdır. Digər mərhələ isə bütün vizual informasiyanın çap üçün yararlı vəziyyətə gətirilməsidir. Vizuallar köhnə olduğundan bir-bir bərpa olunub. Üçüncü mərhələdə bütün materiallar toplanaraq kitab halına salınıb. Yerdə qalan mərhələ  isə kitab çap olunmasıdır. Həcmini və keyfiyyətini nəzərə aldıqda Rəsul bu işi maddi baxımdan tək başına həyata keçirməkdə çətinlik yaşasa da, kitabın çapı ilə bağlı bir şirkətlə razılığa gəlinib və yay aylarında kitabın çapı baş tutacaq. Rəsul, həmçinin, kitabın ikinci hissəsi, yəni “Azərbaycan Qrafik Dizayn Tarixi 1990-2020” üzərində də işləməyə başlayıb.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir