Tbilisi İncəsənət Sərgisi – “Qadın Olmaq”
2019-cu il 17-19 May tarixlərində Tbilisi İncəsənət Sərgisində (TAF) Azərbaycanlı rəssamların əsərlərindən ibarət “Qadın Olmaq” adlı video incəsənət sərgisi keçiriləcək.
Azərbaycan qadınlarının azadlıq hərəkatının 100 illik yubileyinə həsr olunacaq sərgidə 10 müasir azərbaycanlı rəssamın gender məsələlərini özündə əks etdirən əsərlərindən ibarət “Qadın olmaq” adlı müasir video incəsənət sərgisi keçiriləcək. 17-19 May tarixlərində baş tutacaq sərgi, Tbilisi İncəsənət Sərgisi (TAF) ilə əməkdaşlıq çərçivəsində Birləşmiş Rəssamlar Klubu (BRK) və Azərbaycan Rəssamlar İttifaqının (ARİ) egidası altında keçiriləcək.
Azərbaycanın əməkdar rəssamı Səbina Şıxlinskayanın təşəbbüsü və müəllifliyi ilə baş tutacaq video sərgi layihəsi 17 may 2019-cu il tarixindən açıq olacaq.
“Qadın olmaq” Aqil Abdullayev, Bəhram Xəlilov, Çinarə Məcidova, Leyli Salayeva, Leyli Qafarova, Nəzrin Məmmədova, Sabina Şıxlinskaya, Sitara İbrahimova, Teymur Daimi, Vüsal Rəhim kimi on müxtəlif rəssamın gözüylə müasir incəsənət prizmasından gender bərabərliyi məsələlərinin son 100 il ərzindəki inkişafına dair fikir və düşüncələri əks etdirir, eləcə də dünya ictimaiyyətində qadınların güclənməsinin vacibliyi və bu mövzunun ən aktual suallarına cavab vermək məqsədi daşıyır.
Qeyd: Mətn Teymur Daiminin keçiriləcək tədbir ilə bağlı yazdığı məqalədən çıxarışdır.