Əsli Səmədova

Bakıda və Milanda yaşayan mədəniyyət meneceri və muzey mütəxəssisi Əsli Səmədova art-menecer kimi təcrübə qazanmağa başlamazdan öncə biznes, menecment və dövlət idarəçiliyi üzrə təhsil alıb. Azərbaycan, ABŞ və İtaliyada təhsil almış Əslinin biznes sahəsindəki təcrübəsi mədəni təşkilatçılıq bacarıqlarını inkişaf etmdirməyə kömək etmişdir. 2007-ci ildən bu yana o yerli və beynəxalq auditoriya arasında mədəniyyət tarixinin populyarlaşması istiqamətində çalışmaqdan savayı həm də Azərbaycan irsinin qızğın müdafiəçisi kimi fəaliyyət göstərir.

 

O, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində Xüsusi Layihələr İcracısı və Xarici Məsləhətçi vəzifələrini icra edir. Beləliklə Əsli beynəlxalq əlaqələr, təhsil və muzey layihələri üzrə məsləhətçi kimi fəaliyyət göstərir, o cümlədən incəsənətdə professional inkişafa dəstək üçün İtaliyanın “Pinacoteca di Brera” kimi qurumlarla tərəfdaşlıq münasibətlərinin qurulmasını təşviq edir. Bundan əlavə, 2017-ci ilin oktyabr ayında Vaşinqtonun (ABŞ) “GWU” Tekstil Muzeyində keçirilən 13-cü Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın Təşkilat komitəsinin üzvü və sessiya kuratoru kimi Əsli Səmədova dünyanın bir çox nöqtəsindən qonaqların dəvət olunduğu nüfuzlu Azərbaycan xalçaları üzrə 5-ci Beynəlxalq Simpoziumuna rəhbərlik edib. Onun iştirakı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Londonun Viktoriya və Albert Muzeyindən, GWU Tekstil Muzeyindən və Berlin İslam İncəsənəti Muzeyindən götürülmüş əşyaları nümayiş etdirən “İpək Xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” sərgisi baş tutub. Araşdırmaları sayəsində Əsli Londonun Viktoriya və Albert Manufakturaçı Mərkəzində yerləşən nadir naxışları araşdıran ilk azərbaycanlı olur və nəticədə Azərbaycan və Avropa incəsənətinin tarixləri arasında əlaqələri araşdıran mühüm elmi iş – “Qafqaz ulduzları” adlı kataloqun təşəbbüskarı kimi çıxış edir.

 

Əsli həmçinin ixtisaslaşmış araşdırmaçı kimi tanınır – məhz o kəlağayı ipəyinin Alfons Muxanın rəsmlərində öz əksini tapmasını kəşf edir və Nizaminin yaradıcılığı ilə Avropa incəsənəti arasında bağları yenidən ortaya çıxarır. Bu yaxınlarda Əsli tarix və müasir incəsənəti əhatə edən sərgilər təşkil edib. Burada onun Faiq Əhmədin Kapelhausda quraşdırdığı xalça instalyasiyası daxil olmaqla 2018-ci ildə Bakıda keçirilən Silk Road festivalına təqdim etdiyi işini, “Slavyanlar və Tatarlar”ın “The Tranny Tease” leksiya-performansını və İçəri Şəhərdə quraşdırılmış “Vertigo Sounds” instalyasiyanı qeyd etmək olar.

 

Əslinin qabaqcıl irsin müasir incəsənətdə kontekstləşdirmə bacarığı 2017-ci ildə “Goethe-Zentrum Baku” ilə əməkdaşlığa gətirib çıxarır. Onların məkanı Kapelhausda və Bakının digər məkanlarında bir sıra yenilikçi sərgilər, o cümlədən əcnəbi və yerli rəssamların işlərindən ibarət 2018-ci ildə keçirilən “Gerikonun gəmi qəzasına qayıdış – Qaçqın və miqrantlar” adlı tədbirlər silsiləsi, incəsənət və performansların yer aldığı “Dialoq layihəsi” keçirilmişdir. Xaricdə isə, Azərbaycan və dünya ictimayyəti arasında mədəniyyət körpüsü qurmaq missiyası çərçivəsində Əsli Səmədova öz şəxsi təşəbbüsü ilə Romada yerləşən İtaliya Dövlət Akademiyasında Nizami Gəncəvi haqqında mühazirələr təşkil edib.

 

Onun qarşıda duran bir sıra layihələri var – Əsli 2018-ci ilin dekabr ayında “Kəlağayı” və “Almancan” adlı sərgilər keçirməyi nəzərdə tutub və hal-hazırda 2019-cu ilin baharı üçün müxtəlif qrup sərgilərin təşkilatı ilə məşğuldur. Yerli incəsənət cəmiyyətinin müdafiəçisi kimi, Əsli 2019-cu ilin əvvəlinə planlaşdırılmış müstəqil layihəsi ilə gənc istedadların inkişafına imkan yaratmaq istəyir. Bütün bu sadalananlardan əlavə o həm də uşaqlar üçün yazılmış bir kitabın müəllifidir. Müxtəlif təcrübələrə və irsimizin müasir cəmiyyətimizdə rolu ilə bağlı yenilikçi baxış bucağına sahib Əslinin layihələri Azərbaycanın mədəni həyatını zənginləşdirməyə və genişləndirməyə davam edir.

Əsli Səmədova

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir