Sükutu pozmaq istəməyən musiqi

 Sükutu pozmaq istəməyən musiqi

Studiyada yazılan albom və canlı konsert albomu arasında adətən emosional fərq olur. Konsert konservativ studiya atmosferindən fərqli olaraq  musiqiçiyə daha çox sərbəstlik verir, daha böyük fəaliyyət radiusu verir. Bundan əlavə canlı çıxış musiqiçinin peşəkarlıq göstəricisinin əsas meyarıdır. Səsyazma kabinəsində oxumaqla, səhnədə oxumaq arasında böyük fərq olduğu kimi, studiya albomu ilə konsert albomu da oxşar fərqlərə malikdir.

 

İki müxtəlif albom formatı haqqında, onların emosional dalğası barədə giriş abzasının səbəbi bugünki resenziya mövzusudur – müğənni Aysel Məmmədovanın konsert albomu “Pure Noise” (pur noiz). Albom EP (qısametrajlı) formatdadır, yəni tam hüquqlu studiya albomu üçün çox qısadır, adətən 2 parçadan ibarət sinql üçün də çox uzundur. Altı parçadan ibarət albomun dili (söhbət musiqi dilindən getmir) ingilis dilidir. O üzdən albomun adını dilimizə tərcümə etməzdən öncə parçaları dinləmək daha düzgün olar; yalnız mahnılara qulaq asıb bilmək olar ki, “Pure Noise”  “təmiz səs-küy“dür, yoxsa “xalis səs“dir.

 

Ayselin məhz konsert albomu buraxması, ümumiyyətlə yerli musiqiçinin konsert albomu təqdim etməsi mənə maraqlı və lokal kontekstdə cürətli addım kimi gəldi. Sonra albom üçün yazılmış mətbuat təqdimatı mətnini oxuyub bu addımın səbəbini anladım – müəllifin dili ilə desək səs və “hisslər“ canlı çıxış zamanı daha məxsusi və səmimi səslənir. Yeri gəlmişkən, “Pure Noise” studiyada yazılmış versiyada da təqdim ediləcək. Ancaq bu gün məhz konsert yazısı mənim yazı obyektimdir.

 

Ümumiyyətlə Aysel özünü caz və soul müğənni kimi sərgiləyir. “Pure Noise”da isə instrumental caz dalğasına psixodelik elementlər, fank tərzində bas xətti, elektron zərb alətləri, müəyyən qədər klassika və Ayselin, sanki sükutu pozmaq istəməyən vokalı əlavə olunur. Yuxulu abu-hava yaranmır, əksinə arada arxa fonda səslənən simli alətlər fikirləri “yellədir“, pianonun şıltaq notları nə tam pessimistik fon yaradır, nə də dinləyicini tam pozitiv dalğaya kökləmir. Obrazlı formada desəm, bu albom yerdən gah uzaqlaşan, gah da yerə yaxınlaşan, amma hərəkəti boyunca yerə toxunmayan yellənçəyi xatırladır.

Yazılma, səs uzlaşması və masterinq işi, yəni albomun texniki göstəricilərini bəyəndim, bircə elementdən başqa. O da Ayselin səsi idi; musiqi alətləri təmiz və keyfiyyətli səslənmədə olduğu halda, bəzi parçalarda vokal ümumi səs səviyyəsindən aşağı düşür, sanki konsert vaxtı mikrofon ya düzgün quraşdırılmamış, ya da düzgün göstəricilərə uyğunlaşdırılmamışdır. Bəlkə də bu müəllifin planı idi, bilmirəm – bəzən səhv iş və ideya işi arasında məlum sərhədlər pozulur.

 

Ayselin oxuma tərzi və onun səsi dəyişik təəssüratlar bağışladı. Arada digər yerli müğənni olan Tünzalə Ağayevanı, arada ingilis əsilli müğənni Daydonu (Dido), bəzən  Əzizə Mustafazadənin özünəməxsus milizmini xatırladırdı. Amma bəzən, həmişə yox.

EP albom 6 mahnıdan ibarətdir və bütün mahnıların müəllifi Ayseldir, bu təqdirəlayiq faktdır, əlbəttə. Giriş treki daha çox boş fəzada bir-birinə sarılan insan vokalı və musiqi alətlərinin kollajını xatırladır, lakin ikinci trekə keçid üçün gözəl körpü yaratmış olur. Albomun vahid musiqi ideyası, mövzusu səliqəli planlaşdırılıb, yəni 5 ayrı-ayrı trek birlikdə bir bütöv trek təəssüratını bəxş edir. Bircə sonuncu trek ümumi axından fərqlənir, xüsusən parçanın sonluğunda elektro-caz, caz-hiphop səslənmə, həmçinin  dinamik sıçrayış mahnını ümumi axından ayırır. Bunu albomun zəif bəndi kimi də qeyd etmək olar, eyni zamanda müəllifin planlı addımı kimi də – babalısı öz boynuna.

Nəticə olaraq, yerli musiqi sənayemiz üçün Ayselin maraqlı iş gördüyünü qeyd edə bilərəm. Çox istəyərdim ki, bu cür maraqlı işlər azərbaycanca səslənsin. Təbii olaraq seçim və yaradıcı azadlıq musiqiçinin əlindədir. Mənim dillə bağlı iradım “kor patriot” fikri deyil, bu sadəcə milli mədəniyyətin intibahını arzulayan melomanın fikridir.

Səhv etmirəmsə, dahi rus bəstəkarı Çaykovski demişdir ki, ən gözəl musiqi sükutdur. İcazənizlə, mən Ayselin bu işini “sükutu pozmaq istəməyən musiqi“ adlandırardım.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir