XodVer rubrikasında sizdən gələn musiqi pleylistlərini paylaşmağa davam edirik. Bu dəfə söz Naschkatze qrupundan Fərhad Fərzəlinindir.

Sebestyén Márta, Szörényi Levente — A piac közepén – Bazarın ortasında

Fikrimcə həyatımda eşitdiyim ən hipnotik treklərdən biridir. Macar uşaq milad mahnısıdır. Keçən il dostum, Naschkatze qrupunun üzvü Əli Həsənov məsləhət görmüşdü. Albom 1984-cü ildə işıq üzü gördüyünə baxmayaraq indi də çox müasir stildə səslənir. Müğənni Sebestyen Martanın səsini 90-cı illərin ən populyar Nyu Eyc (New Age) ifalarından biri olan Deep Forest qrupunun “Marta’s Song” trekində eşidə bilərsiniz.
Albomun bəstəkarı olan Şörenyi Levente haqqında da bir neçə söz demək vacibdir. 20-ci əsr Macar musiqi və mədəniyyətinin ən təsiredici və önəmli fiqurlarından olub, Illés qrupunda vokalist və gitarist kimi fəaliyyətə başlayıb, sonra Fonográf qrupunun üzvü olub. Eyni anda digər qruplar və musiqiçilər üçün prodüser və söz yazarı kimi fəaliyyət göstərib. Hətta pop musiqidən başqa rok-opera və səhnələşdirmələrin müəllifi olub.

MGMT — When You Die

Hamının sevimlisi olan MGMT qrupunu hələ 2006-cı ildən izləyirəm. Amma yeni “Little Dark Age” (2018) adlı albom ürəyimdə xüsusi yer tutur. Albomun yazılmasında mənim daha 2 sevdiyim musiqiçi Ariel Pink və Konan Mokasin iştirak ediblər. Çox ləzzətli albomdur. Mahnılar və aranjmanlar klassik üslubda olsa da səsyazma parlaq və innovativ yaradıcılığın nəticəsi olaraq yeni üslubdadır. Belə musiqiyə – melodik, macərapərəst səslərə bu günlərdə çox nadir rast gəlirik. Sözlər də yaxşı bonus sayıla bilər – gülməli, maraqlı və mövzuya uyğun! Sosial media tənqidini də çox bəyəndim. Gördüyüm qədərilə Ariel Pink çox az mahnıda iştirak etsə də, bütün albomdakı təsirini gözardı etmək olmaz.  Albomda güclü, melodik, adamı tutan sinqllar var (‘Me and Michael’ və ‘LDA’ ən diqqətəlayiqləridir) amma ‘Days That Got Away’ kimi psixodelik, eksperimental anlar da yox  deyil. Mahnılarda fərqli səslər və prodakşn texnikaları var ki, dəfələrlə dinlədikdən sonra fərqinə varırsan. Əla “qulaqcıq albomu”dur, məncə stereoda əla səslənir.

Alessandra Mussolini — Amai Kioukue

Dostum və Bakıda tanınmış meloman olan Samir Salahov tərəfindən bir ay öncə tapılan maraqlı bir fakt – Benito Mussolininin nəvəsi və Sofi Lorenin xalası qızı olan Alessandra Mussolini 1982-ci ildə Yaponiyada ömründə ilk və yeganə albom yazdırıb. Böyük raritetdir, yəni nadir bir şey sayılır.

Joachim Witt — Goldener Reiter

İoaxim Vitt 80-ci illərdə “Herbergsvater” və “Der Goldene Reiter” kimi böyük xitlərlə Alman pop səhnəsinin əsas ulduzlarından birinə çevrildi. Nena və Falco kimi musiqiçilərin də daxil olduğu “Yeni Alman Dalğası” (Neue Deutsche Welle) adlanan janrın ən böyük adlarından birinə çevrilmişdi. Daha sonra 90-cı illərdə məşhur Alman sint-pop qrupu Wolfsheim qrupunun müğənnisi Peter Heppner ilə birlikdə olan dueti “Die Flut” ilə böyük bir geri dönüş yaşayıb.

DJ Maboku, DJ Lilocox, DJ Firmeza — O Vento Uma Verdadeira Amizade

Son 5 ay ərzində Portuqaliya mənşəli “Príncipe” leyblının diskoqrafiyasını özüm üçün araşdırıram. Rəqs – Non-stop! Leybl əsasən şəhər və şəhərətrafı bölgələrdən gələn elektronik rəqs musiqisi ilə məşğul olan musiqiçilərə fokuslanıb. Texno və Hauz janrlarından başqa Afrikadan təsirlənmiş Kuduro, Batida, Kizomba, Funana və Tarraçinya kimi janrlardan musiqiçilər var. Bütün fiziki kopyalar fərdi, əldə hazırlanmış açıqcalarla birlikdə gəlir. Əsl incəsənət nümunəsi!

Kamel Oujdi – Koub Ou Ammar

Habibi Funk – ərəb mənşəli fank musiqisinın ən qəribə, ən nadir nümayəndələrini tapıb yayımlayan leybldır. Bir neçə həftə bundan qabaq əlcəzairli, çox maraqlı bir musiqiçini Youtube kanallarında tanıdıblar. Kamel sanki Ace of Bace-dir, Əlcəzair də dönüb olub İsveç! Yannis Stürtz və Malt Krauz Berlin və Kölndə mərkəzləşmiş Jakarta Records leyblini idarə edirlər – öz bəyəndikləri, oynaq olan hər şeydən paylaşırlar – hiphop, caz və bass daxil. Jakarta yeni yayımların evi olmağa davam etsə də, “Habibi Funk” kimi dahicəsinə adlandırılmış yeni bir subleybli yaradıb.

Spiral Deluxe – E=MC²

Spiral Deluxe — texno musiqisinin banilərindən Cef Mills tərəfindən yaradılmış yeni canlı musiqi layihəsidir. Yapon caz improvizasiya musiqiçiləri ilə birlikdə bu ilin sentyabr ayında “Voodoo Magic” adlı mini albom dünyaya göz açıb. Dünya üzrə məşhur və yenilikçi DJ, prodüsser və sənətçi kimi tanınmamışdan öncə, yəni cavan vaxtlarında, Cef hələ zərb alətləri ifa edirdi. Məhz 1970-ci illərin axırlarında DJ-liyə başlayıb. O vaxtdan Cefdə öz musiqi köklərini ifadə edən ideyalar yaşayıb. Parisdə Luvr muzeyində “ağ kart” rezidentura kartı alandan sonra onun xəyalları reallaşmağa daha da yaxınlaşır. O burada bir gecənin içində bir qrup qurdu və xəyallarına gedən yolda irəliləməyə başladı. Bu qrup tezliklə “super qrup”a çevrildi – çox bacarıqlı musiqiçiləri birləşdirərək yüksək yaradıcılıq səviyyəsi ilə məşğul olan bir layihə ərsəyə gəldi. Qrup üzvləri elektronik alətlərdən istifadə etsələr də MIDI sinxronizasiya əlaqəsi istifadə etmirlər.

alyona alyona – Рибка

Kiyevin yaxınlığında yerləşən Dernovka qəsəbəsinin uşaq bağçasının keçmiş işçisi Alyona Savranenko artıq 15 yaşından hip-hop musiqisi ilə məşğuldur. Amma təkcə yaxın dostlarının məsləhətindən sonra 2018-ci il oktyabr ayında ilk musiqi videosunu Youtube-a yükləyib. “Рибка” trekində o cəmiyyətdə dərk olunmayan qızlar haqqında söz açır.  Musiqiçi çox yenidir, ona görə də nəsə demək üçün tezdir. Amma eks-Sovet ölkələri arasında bu qızın flouna yaxın heç kim yoxdur. Ukraynaya salam olsun!

Nəsibə Abdullayeva – Lazgi

80-ci illərin əvvəlində SSRİ Mədəniyyət Nazirliyi uzaq Qərb ilə apardığımədəniyyət və informasiya müharibəsini uduzduğunu anlayaraq Roland, Korg, Moog, Alesis və s. görkəmli adlı xarici elektron musiqi markalara məxsus olar cihazları almaq fikrinə gəldi. Həmin markalı alətlər bütün Sovet İttifaqının mədəniyyət evləri və səsyazma studiyalarına paylandı. Nəsibə xanımın təqdim etdiyim mahnısında əfsanəvi Roland SH-101 monofonik analoq sintezatorunu eşidə bilərsiniz. Xalq musiqisi və elektron musiqisinin nadir vəhdətlərindəndir.

Kanye West – Beat #5

Kanye karyerasına məhz bitmeyker kimi başlayıb. Təqdim etdiyim trek 1997-ci ilə aid, buraxılmamış bir kasetdəndir. Çox zövq verir, çünki onun özünəməxsus fərqli saundunu hələ də hiss edə bilirsiniz, sadəcə olaraq o dövrə daha uyğun idi. Bir prodüser kimi bu treki dinləmək çox həvəsləndirir – sözün əsl mənasında eyni musiqi prinsiplərini üstün tutaraq dəfələrlə təkamül edib.