Klassik musiqi təhsili almış və caz musiqisi ilə yetişmiş Ana Kublaşvili 2012-ci ildə Tbilisidə elektronik musiqiyə başlayanda özünə “Newa” (Niua) təxəllüsünü götürür. Çox keçmədən sürətlə inkişaf edən Gürcüstan elektronik musiqi səhnəsinin öncül musiqiçilərindən birinə çevrilir.
“Newa”nın, sırf texno istiqamətində olan ilk relizi “AC” EP albomu olub. Bu albom isə “Blackbird Records”da çıxıb və 2013-cü ildə “Electronauts” elektronik musiqi mükafatlarında ilin ən yaxşı EP albomu nominasiyasında qalib olub.
2016-cı ildə o, növbəti işini Varg (Varq), Abdulla Rashim (Abdulla Raşim) və Avi Musaifi kimi artistlərlə birlikdə gürcü leyblı “Bassiani Records”da işıq üzü görüb. Sonralar başqa bir gürcü leyblı “Icontrax”la işləyib.
“Newa”nın trekləri “Semantica”, “Sub.Spiele Records”, “Chineurs de Techno”, “Reclaim Your City” kimi leybllarda da işıq üzü görür.
Ben Klokun leyblı “Klockworks”də yayımlanmış ilk qadın prodüser kimi o, öz dinamik və enerjili DJ setləri ilə ADE (Amsterdam Dance Event) – Amsterdam Rəqs tədbirindən tutmuş, Benin “Photon” elektronik musiqi tədbirləri seriyası, “Awakenings”, Berlinin “Berghain”, Tbilisinin “Bassiani”, “Khidi”, Amsterdamın “Gashouderi” (Qaşuderi), Monpelyerin “Institute” klubuna qədər fərqli yerlərdə unudulmaz çıxış etmişdir. Martın 30-u Newa “Photon” seriyasında “Dax J” (Daks Cey), Ben Klok, KiNK, Rødhåd (Rödhəd) və FJAAK (Fyaak) kimi DJlərlə birlikdə Londonun “Printworks” klubunda səhnə alacaq.
Əsasən qaranlıq və hipnotik texno janrında mikslər edən Newa-nın, texniki bacarıqlar və səmimi hisslər üzərinə qurulmuş musiqisi, dərin bas səsləri və batıq melodiyaların harmoniyasından ibarətdir. Klassik texno ilə yanaşı mövcud tərzi də birləşdirərək ortaya əsl dinləniləsi musiqi çıxarır.
Newa artıq 3-cü dəfə iN üçün Bakıya gələcək.
Foto: Julien Vidal