Darıxıb ölməmək üçün insanlar, daha doğrusu insan nəslinin pullu təbəqəsi müharibələr və ya qısamüddətli savaşlar törədir (törədib və törədəcək). Nəticədə dünyasını dəyişənlərin darıxıb deyil, döyüşüb ölməsi həyatı daha rəngarəng edir, sağ qalan insanlarda yaşamaq həvəsini artırır və insan həyatının bəzən bir poxa dəymədiyinə dəlalət edir. Biz beləyik.

 

Buna görə də savadlı və tərbiyəli bir oğlanın, Yer planetini partlatmaq və dünyanı dağıtmaq bəradə fikirlərini sosial şəbəkədə oxuyub heç də təəcüblənmədim, anladım ki, o sadəcə darıxır. Düşündüm ki, darıxan oğlan haqqında hekayə yazsam daha yaxşı olar, daha doğrusu faydalı olar.

 

Oğlanla tanış oldum, xudmani kafedə oturub pivələdik, “bəzi-bəzi” işlər görüb, dağılışdıq. Amma sağollaşmazdan öncə ondan söz aldım ki, məndən xəbərsiz nəinki bu dünyanı, ümumiyyətlə heç bir dünyanı dağıtmasın.

 

Evə gəldim. Divar qonşularının nəsil artımı uğrunda çarpışma sədaları altında ikiayaqlılar nəslinin gələcəyi barədə düşünməyə başladım. Dünyanı dağıtmaq istəyində olan oğlan varlı təbəqədən deyildi, savadsız vəhşi də  deyildi, Şimali Koreyanın rəhbəri ilə qohumluğu da yox idi – axı o necə darıxa bilər, nədən darıxa bilər? Bir də, lap deyək onun dünyanı yerlə yeksan etmək üçün fəaliyyətini təsvir edəcək hekayəni yazdım, Yer planeti kosmos tozuna dönəndən sonra onu kim oxuyacaq? Və yalnız indi anladım ki, yazılacaq hekayə ehtimal olunan şüurlu yadplanetlilər üçün ikiayaqlı Yer sivilizasiyasının taleyi barədə dəyərli material ola bilər. Hətta, əgər hekayənin nüsxəsini radiodalğalarla kainatın sonsuz üfüqlərinə göndərsəm sənət əsərini xilas etmiş olaram. Divar qonşuları işlərini bitirdilər, məni də yuxu apardı.

 

Səhər oyananda beynimdə yeni hekayənin ştrixlərini gördüm. Lənətə gəlmiş ayıq beyin hekayə motivləri ilə bərabər yeni suallar da hazırlamışdı. Əl-üzümü yuyub qəhvə dəmlədim. Smartfonu götürüb sonuncu nömrəni yığdım. Yuxulu səs eşidildi:

 

-Alo…

-Salam. Mənəm…dünənki “xiyar-yazıçı”.

-Hə, bildim… Dünyanı dağıtmaq vaxtıdır?

-Yox hələ…Bir-iki sualım var.

 

Xəttin o başındakı həmsöhbət möhkəmdən öskürdü, nəsə içdi, udqunda yenə də öskürüb soruşdu:

 

-Elə bildim suallarla dünən qurtardıq axı.

-Hə…amma o dünənki suallar idi. Həm də istəyirəm sənin hekayən tutarlı alınsın, sanballı çıxsın.

-Tamam, onda soruş. Uzun olmasın…Su ustası gəlməlidi…istəmirəm dünya dağılanda evimdə su kəsilmiş olsun.

-Hm, müdrik qərardı… Bilmək istəyirəm, sən planeti məhv etmək işini bir az gecikdirə bilərsən? Məsələ ondadır ki, sənin hekayəndə dünyanın dağılması kuliminasiya yeridi, düyünün açılış momentidir və sənin fəaliyyətin boyunca mən də paralel olaraq yazsam, belə çıxır sən dünyanın dağıdandan sonra hekayə bitmiş olmayacaq, çün’ dağılan dünya ilə bərabər mənim də bədən molekullarım öləcək.

 

Oğlan möhkəmdən burunun çəkdi, sanki beyini təcili olaraq burun seliyi tələb edirdi:

 

-Uzaqgörən adamsan…təklifin nədir?

-Gəl əvvəlcə hekayəni bitirim… hətta hekayə yox, povest edim… bu daha geniş və ətraflı təsvir üçün əladır. Povesti nəşriyyata göndərim, kitabın çıxacağı gün sən dünyanı dağıda bilərsən.

-Əgər kitabı əvvəlcədən oxusalar…onda…onda kimsə mənə maneə ola bilər. Polis-zad çağırarlar, yanğınsöndürənlər gələr və işim yarımçıq qalar.

-Razıyam…amma bir şey var – səncə oxucuları və ümumiyyətlə bəşəriyyəti dünyanın sonu barədə fikirlər bəyəm narahat edir ki? Dünyanı dağıtmaq istəyən tək sənsən bəyəm? Gündə-gündə min cür adam dünyanın sonu barədə fikirlər paylaşır, bəziləri dünyanı dağıdacaqları ilə xəbərdarlıqlar edirlər – insanlar vərdiş olublar belə xəbərlərə. Heç kəsin şeyinə də deyil! Hər kəsin öz dünyası var artıq, öz şəxsi dünyası. Hər kəs özü özünün qəhrəmanıdır – biz bu dövrdə yaşayırıq. Sənin dünyanı dağıtmaq barədə ideyana hörmətlə yanaşsam da, məncə bir şeyi dəqiqləşdirməlisən – kimin “dünyasını”  dağıtmaq istədiyini. “Mənim dünyam” anlayışı çoxdan dəyişib…

-Qulaq as…mən Yer planetindən danışıram. Yəni söhbət bütün canlıların dünyasından gedir. Sənin, mənim, Donald Dakın, Donald Trampın, Mac Donaldsın, Putinin və Mikki Mausun – hamının… Xiyar, mən bəşəriyyətə son qoymaq istəyirəm.

-Olsun… sadəcə vaxt ver, bunu gözəl təsvir edim.

 

Həmsöhbət dəstəyi asdı. Yalnız indi yadıma düşdü ki, dünən dəm başa və bu gün ayıq başa vermək istədiyim iki əsas sualı unutdum; bu suallar fundamental suallardır. SMS’lə sualları, dünyanı dağıtmaq istəyən oğlana göndərməyi düşündüm:

 

  1. Niyə(!) dünyanı dağıtmaq istəyirsən? (misal üçün, o boyda dünyanın əvəzinə polis şöbəsini, ya hər hansı bankı, nazirliyi-zadı dağıda bilərsən)
  2. Dünyanı necə, yəni hansı vasitə ilə dağıdacaqsan?

 

SMS göndərildi.

 

Həyatda bir çox şeyin mırta baş verdiyinə inanmağa hazıram, amma təsadüfən nəyinsə olmasına inanmağım gəlmir. Yəni məntiqi ardıcıllıq axtaran paranoiklərdən olmasam da, hadisə zəncirinin “bas-məmmədi” düzülüşünü də qəbul etmirəm. Uzun sözün qısası, dünyanı dağıtmaq istəyən oğlan üçün olan sualları, nömrəni səhv salaraq yerli sahə müvəkkilinə göndərdim. Nömrə səhvini aşkar edəndə artıq gec idi. Biz beləyik…

 

İndi də, üç ildi ki, beş nəfərlik kamerada oturub azad olacağım günü gözləyirəm – sahə müvəkkili məsuliyyətli adam çıxdı.

 

Dünən bizə televizorda xəbərlər buraxılışına baxmağa icazə verdilər. Xəbərlərdə kimi görsəm yaxşıdı? Hə, dünyanı dağıtmaq istəyən oğlanı. Sən demə o, indi prezident seçilibmiş, mən içəridə olanda. Olanları kamera yoldaşım Fişdifeyzıla danışdım, yeni prezidenti tanıdığımı da dedim. O belə cavab verdi:

 

-Dünyanı dağıtmaq istəyən oğlan, deməz – dağıdar.

Keçəlbaş