Onsuz da yorğunluqdan ölürəm. Bircə uzaq yol düşməsin. ”Bling-bling” yeni müştəri gəldi: Katie.

Kimliyini bilmədiyim xanımı ünvanından götürməmişdən öncə fikirləşirdim ki, “bunu da düşürdüm sonra siqaret çəkərəm”. Amma o qapını açıb ”sifariş Katie üçündür?” deyə soruşdu və təsdiq etməyimi gözləmədən arxada oturdu. Üzündəki təbəssüm o qədər səmimi idi ki, insan istər-istəməz gülümsəmək istəyirdi. İnsan ilk görüşdən aşiq ola bilər, bilirəm, amma sürücü güzgüsündə kimisə 5 saniyəlik görüb, aşiq olanı heç eşidməmişdim.

GPS`də ünvanı dəqiqləşdirib yola çıxdıq. Təqribən 19 dəqiqə vaxtım var idi ki, ona 5 saniyə içində aşiq olduğumu mədəni yolla başa sala bilim… Bunu bir amerikalıya, onu hürkütmədən başa salmaq, bir din adamına ”the big bang” teoriyasını başa salmaqdan daha çətin olduğuna səmimi qəlbdən inanıram.

Özümü ələ alana kimi 2 dəqiqə keçdi. Nə deyim? Necə başlayım? Bəlkə bütün salonu bürüyən ətrini soruşum?

  • Üzr istəyirəm, ətriniz çox xoşdur, deyəsən ”Joe Malone – Nectarine Blossom” istifadə edirsiniz, sizin ətriniz yadıma çox gözəl xatirələri gətirir.

Ürəyimdə bu sualı səsləndirdim – heç də xoş səslənmədi.  Hələ heç salam belə vermədiyim birisinə hürkütmədən yaxınlaşmağıma bir bax! Xatirələr ee… Yox bir hələ köhnə sevgilindən danışmağım çatmır.

Qaldı 15 dəqiqə. Katie, biz Vaşinqtonun küçələrini keçdikcə, fikirli-fikirli sağa-sola baxırdı. Bəlkə də məndən nəsə soruşmağımı gözləyirdi? Kim bilir…

Əslində çətin birşey yoxdur. Havadan, sudan danış getsin də, nə olar, olar; susmaqdan ki yaxşıdır.

Tərslikdən şəhərin mərkəzində olmağımıza baxmayaraq tıxac yoxdur. Adi vaxt evə tələsəndə bir axmağın qəza törədməsinə görə 2 saat yolda gözləyirsən. İndi isə 15 dəqiqə vaxtım var və yollar bom-boşdur. Yavaş sürsəm əsəbləşəcək, bütün şansımı itirəcəm.

Yox, yox, mən çox fikrə getdim, 13 dəqiqə qalıb və mən hələ “salam” belə deməmişəm. Tanış olmaq, hürkütməmək bir yana, Allah bilir indi fikirləşir ki, bu necə adamdır, heç salam da vermədi.

Bəlkə indi “salam” deyim? İndi də deyəcək ki, bunun başı xarabdır, səhərdən yol gedirik indi “salam” deyir.

Qaldı 10 dəqiqə. Tapdım! Deyim ki, axşam yağış yağacaq, gərək çətir götürərdiniz. Əla fikirdir.

Güzgüdən tam üzünə baxıb bunu demək istəyirdim ki, telefonuna zəng gəldi. Özdə görüntülü. Balaca bir uşaq. Səsindən başa düşdüyüm qədər, 5-6 yaşlarında. Deyir ki:

  • Sənə dedim axı, sən də biznən gəl, su çox istidir, həm də burda az adam var, çox əylənirik atamla.

Bunu eşidəndə başıma elə bil qaynar su tökdülər. Sən demə Katie evlidir. Uşağı da var. Sonra başladılar öz aralarında olan zarafatlardan etməyə. Bir neçə dəqiqə də keçdi. Eləcə fikrə gedib xəritəyə baxdım. 6 dəqiqə qalmışdır. Sürəti artırdım ki, tez düşürdüm. Bir yerdə saxlayıb siqaretimi çəkim, cəhənnəmə.

”Yaxşı, mən də səni sevirəm. Anana salam denən” deyib zəngi bitirdi.

Nə??? Anana salam de? Yəni o qız Katie`nin qızı deyil! Tez sürəti azaltdım, amma artıq 3 dəqiqə qalmışdı.

Telefonunda nəyəsə baxıb dilləndi:

  • Üzr istəyirəm, gedəcəyimiz yerin adı ”Fiola”dır, restorana çatmamış saxlasanız sevinərəm.

Bütün fikirlərdən bir saniyəlik ayrılıb ”əlbəttə” dedim. Güclə cəsarətimi toplayıb, arxasınca:

  • Axşam yağış deyiblər, gərək çətir götürərdiniz.

Öz çantasından kiçik çətirini çıxardıb ”götürmüşəm” deyib gülümsədi. Ozümü dünyanın ən xöşbəxt axmağı kimi hiss etdim. Fiola restoranına çatdıq.

  • Burda düşə bilərəm

Maşını saxladım.

Özümü itirmişdim, artıq çox gec idi və mən heç nə edə bilməmişdim. Maşından enərkən o dedi:

  • Çox sağolun. Sizə bir şey deyim, ancaq səhv qəbul etməyin, əgər yanlış anlamışamsa, sizdən üzr istəyirəm. Gülüşünüz çox dərin, səmimi və mənalı idi. Mən hiss edirdim. Gələn dəfə belə bir hadisə başınıza gəlsə gözləməyin. Danışın. Cəsarətli olun.

O ölümcül gülüşündən mənə son dəfə bəxş edib, qapını örtüb getdi.

30 il ərzində başıma ilk dəfədir belə bir şey gəlirdi. 30 il sonra, 60 yaşımda bir də belə şey gəlsə, danışsam, cəsarət etsəm nə olacaq, etməsəm nə olacaq?

Katie`yə isə nə ”salam” deyə bildim, nə də ”sağol”…

 

Fəxri İskəndərov