Qadınların dünya üzərində hökmranlıq dövrləri idi. Yer üzündə sülh hökm sürürdü, çünki kişilər adi həyatdan tam təcrid olunmuşdurlar. Yerin altında, qaranlıq mağaralarda, ibtidai formada yaşayan əks cins nümayəndələrinə qarşı soyuq olan qadınlar, lazım olanda kişiləri tez tapırdılar. Bunun üçün həyətdəki suyu qurumuş quyuya iki dənə daş atmaq, sonra yekə dəmir vedrəni, qalın iplə aşağı duşürüb gözləmək, görəndə ki, ipi aşağıdan dartırlar, dəstəyi çevirmək və dəmir vedrəni yuxarı qaldırmaq lazım gəlirdi. Kişini tam istismar edib (yəni mənəvi, əqli-sosioloji, fiziki-bioloji istismardan gedir söhbət), yerin altına göndərirdilər

 

Yeraltı mağaralardan olan çıxışı qadın döyüşçülər qoruyurdular – yanlarında itlər, pişiklər, iki-üç fil, əllərində nizə, QQQ-5 qumbara-atanı və s. Mağaradan çıxmaq mümkün deyildi; çıxan kişinin alnının ortasında gül açılırdı. Başqa vaxt qadınlar çox sakit və zərif həyat tərzi keçirirdilər. Mədəniyyət, incəsənət, fəlsəfə, səhiyyə, təhsil – hər şey daimi inkişafda idi. Qadın arxitektorlar nəhəng binalar, mərkəzlər və piramidalar, mavzoleylər ucaldırdılar. Qadın alimlərin nailiyyətləri təbiətin anasın aglatmırdı, çünki qadınlar ana olmağın nə demək olduğunu anlayır, həm də təbiəti, Yer planetini, kainatı və yaradanı qadın obrazında qəbul edirdilər. Beləliklə, ətraf mühitə qarşı tolerant münasibət göstərirdilər.

 

Dünya qadınlarının 85,87 faizi vegetarian idi. Heyvanlar aləminə toxunulmur, dinozavrlar rahatca yaşayırdılar. Parklarda begemotlar gəzir, şəhərlərdə ekzotik quşlar uçuşurdular. Yerin şimal və cənub qütbləri tam olaraq pinqvinlərin hakimiyyəti altında idi.

 

Qadınların idarə edən və qərar qəbul edən rəhbərləri əminliklə qeyd edirdilər ki, külli-aləmdə olan əmin-amanlığın əsas səbəbi, kişilərin nəyinki həyatın hansısa sahələrinə buraxılmaması, onların ümumiyyətlə cəmiyyətə buraxılmamalarıdır. Kişilərə qarşı diskriminativ mövqedə olan bir qrup qadını yerdə qalanlar da dəstəkləyirdi Doğulan oğlan uşaqları ilə belə edilirdi – bir-iki aydan sonra dədələrinin yanına.

 

O dövrlərdə qadın futbolu öz pik nöqtəsinə çatmışdır. Liqalar və super liqalarda gedən mübarizəyə milyonlarla qadın tamaşa edirdi. Qadın atletlər rekord dalınca rekord qırır, qaçır, üzür, güləşir, atır – bir sözlə meydanda at oynadırdılar. Bir nəfər kişinin belə cürəti çatmırdı ki, cavablarını versin, çünki bir kişi də yox idi. Yuxarıda dediyim kimi – hamısı yeraltı mağaralarda, quyudan atılacaq daşların gözləntisində idi.

 

Deyilənə görə kosmosa ilk uçuş həyata keçirilmiş, yadplanetlilər ilə elmi-iqtisadi, subklimatik və nanoharmonal sahələrdə əlaqələrin olduğu haqda faktlar mövcud idi.

 

Qadınlar bioloji yaşın asta getməsi üçün çox hiyləgər metoda yol atırlar – onlar illik təqvimin günlərinin sayını artırıb, nəticədə 12 yox, 24 ay edirlər. Misal üçün, keçmiş təqvimə əsasən 24 yaşlı olan bir gənc qız dönüb olur 12 yaşlı məktəbli. Qadınların konstitusiyası süni mayalanmanı qadağan etsə də, elmi institutların labaratoriyalarında bu istiqamətdə təcrübələr keçirilməsinə icazə verilmişdi. Deyilənə görə, belə labaratoriyalarda süni yolla sperma hazırlanması üzərində iş aparılırmış, bu da öz növbəsində gələcəkdə tam olaraq kişi cinsindən imtinaya gətirib çıxaracaq və kişilərin nəsli kəsiləcəkdir. İnsan təkcins bioloji varlığa dönəcəkdir. Belə.

 

Təbii olaraq, hər yerdə olduğu kimi, qadın cəmiyyətində də çaşanlar olurdu – kişi-porno jurnalları satanlardan tutmuş, evində gizlin kişi saxlayanlara kimi. Onları dərhal həbs edib, səhra ekspedisiyasına ezam edirdilər. Niyə məhz ora? Çünki səhrada çoxlu qum olurdu və küləklər əsirdi. Nəticədə toz qalxırdı, qadınlar isə tozu sevmirdilər.

 

Bir neçə min il belə balanslaşmış həyat davam edir. Lakin bir gün, daha doğrusu bir gecə kişilər üsyan qaldırırlar. Hündür nərdivanlara dırmaşıb quyulardan bayıra çıxırlar…

 

Bir gecənin içində qadın epoxasına, qadın erasına son qoyulur. Min illər boyu qaranlıq mağaralardan başqa heç nə görməyən kişilər, nə görurdülərsə, məhv edirdilər, daha doğrusu nəyi dağıda bilirdilərsə, onu da yıxırdılar. Elmi sənədlər, arxivlər, kitabxanalar, observatoriya və gimnaziyalar, muzeylər talan edilir, ən azı yandırılırdı. Kişi cinsinin dəliqanlı gənc nümayəndələri ağına-bozuna baxmayıb, kimi tutdular ya güclə istismar edir, ya da əl-qolunu bağlayıb anbarlara yığırdılar.

 

Kütləvi xaosun içində bir neçə yaşlı kişi moment tapıb bəzi elmi sənəd və kitabları qoruyub saxlaya bildilər. Bu kişilər sonralar yeni fəlsəfənin və yeni düşüncənin yaranmasına yol açacaq pionerlər olacaqlar. Amma onlar bu məlumatların Qadınlar Erasından qaldığını gizlədəcəklər.

 

Matriarxal dövrün yalan-doğru, düz 3 min illik tarixi (müəllif yalan deyir, əslində 2853 illik, redaktorun qeydi) sona çatır. O dövrdən başlayaraq kişilər öz tarixlərini yazmağa başlayırlar, sistemlər, dinlər yaranır, bir-birini əvəz edir. Kişi liderlər peyda olur, hansılar məhz qan tökərək tarixdə ad qoymağın mümkün olduğuna inanır, buna digər kişiləri də inandırır, millətləri qırır, xalqları birləşdirir, imperiyalar yaradırdılar. Qadınlar erasından sağ qalan bəzi mədəni və tarixi abidələr isə həmin ərazilərdə qadınlardan sonra məskunlaşmış tayfaların ayağına yazılırdı.

 

Hələ uzun müddət qadın cinsinin diskriminasiyası davam edəcək – kişilər qadınları elmdən, ədəbiyyatdan, təhsildən və incəsənətdən hələ çox əsrlər boyunca uzaq saxlayacaqlar. Qadınların kişilərlə bərabər hüquqlara malik olması istiqamətində böyük və əsaslı dəyişiklər 20-ci və 21-ci əsrlərdə olacaq.

 

Nəsillər bir-bir dəyişsə də kişilərin genetik yaddaşında Qadınlar Erasının izləri, qadınafobiya elementləri qalmaqda davam edir. Buna görə kişilər cəmiyyətdəki alfa-cins statuslarını itirmək fikrində deyillər. Bunun isə hara gətirib çıxaracağı məlumdur; heç kəs mağaralara qayıtmaq istəmir.

Mağara adamı