Gedirəm buralardan. Yığdım əşyalarımı  kiçik bir çantaya, onu da evimdə qoyaraq çıxıram. Soyuq küləyə qarşı incə köynəyimlə üşüdüm biraz, titrədim, bir neçə dəfə ürpədi dərim. “Ah” çəkdim isti nəfəsimlə havada. Nə qədər xoşdur ölmək qollarında həyatın.

Küləklə sovrulmaq üçün nə qədər zəifləməliyəm? Neçə kilo dərddən , fikirdən qurtulsam,  yetərmi ayaqlarımın yönünü sorğulamamaq üçün görəsən?

Rəqs etmək istərdim indi, biri barmaqlarımın ucundan yapışıb fırlatsaydı kaş!  Bu kiçik rəqsi bölüşməyə neçə yad taparam görəsən?

Gedirəm,  getdikcə geridə qalanlar məhv olur, önümə düzülür hər şey, nədən qaçmışdımsa, yeni cilddə çıxdı qarşıma.

İstədiyim tək bir rəqs idi. Barmaqlarımın ucundan yapış və fırlat məni. Sən, ey yad, yadımda qalmayacaqsan…

Gözlərdəki ümiddən ötrü darıxdım. Yeni biri lazımdır xərcləyəcək. Yeni gülüşlər və söhbətlər, yenidən rəqs etməyi gözləmək istəyirəm. Dəvət et məni, sən, ey yad, yaddaşımda qalmağın  üçün bu son şansındır, geri çevril, qayıt , gəl, danış mənimlə, bir söz de, gülümsə, unutmaq istəməzdim səni, bir rəqs üçün əla görünürdün. Demək, o qədər cəsur deyilmişsən, ya da mən o qədər gözəl. Tək fırlanmaqdan bezdim, bəlkə mən yapışım barmaqlarından və fırladım səni otaq boyu ətrafımda, gülümsəməni izləyim, yenə sıxılacağımı bildiyim halda cəhd edim, xərcləyim səni, tükədim qəlbimdə, şirin sulara qarış. Sonra əllərini buraxıb qaçım yenə səndən.

Qaçıram,  fırlanıram , kim tutur məni havada? Kiminlə döndüyümün önəmi yoxdur, istədiyim tək şey bir rəqsdir. Sən, ey yad, yaddaşımda qalmayacaqsan. Sadəcə bölüş mənimlə hamımızı yaşadan şeyi. Süzül, fırlan, addım at mənə doğru. Ovuclarında ehtiyatla saxla əlimi sürüşüb düşməyindən qorxaraq. Halbuki, heç sənə tərəf baxmayacam belə. Bir rəqs elə də çox deyil. Nə dar dünyadır, nə az insan var, nə qədər az incəlik.  Tanımadığın birinin əlindən tutmaq elə də çətin deyil…

Mehriban Kərimova