“—Pişiyin üzərinə… və sairə. Bu sualın cavabı pişikdən asılıdır. Ağıllı pişik əkilir. ağılsız pişiyin ən azı quyruğu tapdanır. Yerində uzanmış pişiyin üzərinə begemot çıxarsa, pişik ilk növbədə bağırar, zarıyar və hayqırar. Bu halda begemot tam olaraq günahkardır, onu “Ali Begemotlar Məhkəməsi”ndə zad etmək olar. Əks halda, əgər begemotun üzərinə pişik çıxarsa, begemot ha Haaqa məhkəməsinə qədər qaçsın, pişik düşən deyil. Belə olarsa, tərəflər arasında ortaq sülh şərtləri daxilində müqavilə bağlanılır. Hər iki vəziyyətin araşdırılması və “Şücaət Məcəlləsi“nə uyğun olaraq qiymətləndirilməsi KərtəkələKoni müəllimə həvalə edilir.”

 

“Yuxarıda göstərilən tədqiqat keçirildiyi müddət ərzində bütün begemot və pişiklərə tövsiyyə ediliri ki, biri-birilərinin üstlərinə çıxmasınlar. Yazılan və tərtib olunan razılaşmaya əsasən pişiklər nəzərlərini siçan probleminə yönəldir, begemotlar isə özləri bilərlər; bataqlıqlarda seçim çox deyil. Qərar qüvvəyə mindiyi andan qüvvəyə qalxır, sonra qüvvə ilə sürünüb növbəti gündən qüvvəyə minir.”…

 

Alqış, ovasiya, səs-küy, qışqırıq səsləri nəhəng zalın tavanlarını bürüyür. Tribunada durmuş şəxs yerindən təpənmir, sadəcə baş verənləri izləyir. O qarşısındakı stəkanı qaldırıb içir. Fikrini tamamlamaq istəyən şəxs kimi yavaşcadan öskürür – “öhü”.

 

“—Ölkəmizdəki ədalət, maddi mırtlaşma və yeyib-içim davam etdikcə, biz bara  gedəcəyik. Yaşasın Yaxşısağolizim! İrəli Şalvariya!”

 

Son sözlərdə natiq havaya elə yumruq atır ki, eynəyi stəkanın içərisinə düşür. Zal isə bunu görmür, zal isə buna baxmır, çünki zaldakıların hamısı başını aşağı salıb öz önündəki smartovizora baxır. Kütləvi alqışın içindən kimsə “bravo Her! bravo Her!” deyə qışqırır. Orta sıralardan birində yer almış  şəxs sevincindən sözün əsl mənasında şalvarını çıxarır və havada fırlatmağa başlayır. Natiq sol əlinin çeçələ barmağını qaldırır və zalda olan əlli min nəfər adam bunu təkrar edir. Adam bu sözləri deyir:

 

— Unutmayın ki, sizin bu çeçələ barmaq qədər də həyatınız var. Əsas odur ki, yaxmayın!

 

Bu sözlərdən sonra zaldakılar zalı tərk etməyə başlayırlar. Onlar bir-birini itələmədən və səssizcə zaldan çıxırlar. Tribunadakı lider yox olur; yəqin biz zala baxanda, o da pərdənin arxasına əkilibmiş.

Keçəlbaş