VarYoxdan kitab məsləhətləri

Filmlərimizə baxıb, musiqilərimizi dinlədiksə növbəni oturub oxumağa gətirək dedik. VarYox sizə sosial izolyasiya günlərində oxunmalı 5 kitab siyahısını təqdim edir.

Bakının fərqli inkişaf mərhələlərinin – “erkən kapitalist, sosialist və post-sovet dövrlərinin” memari izləri tarixi məhv etmək yönündə atılan bütün cəhdlərə rəğmən inadla varlığını qoruyub saxlayır. Neft infrastrukturu günümüzədək enerji və su dövranı üçün istifadə olunan və “şəhər küçələrinin içindən, altından, üstündən keçən, binaların içinə girən və ətrafına dolanan, qaraj və məhəllə yollarının üzərindən qəfəsvari arkalar yaradan, pəncərələri və qapıları çərçivələyərək” bütün şəhəri bürüyən boruların vasitəsilə şəhərə nüfuz edir. Onlar insan və düşüncə müxtəlifliyinə dayaq ola biləcək məntiqi, istifadəyəyararlı və sıx koordinasiya edilən birləşdirici toxumaya olan ehtiyaca işarə edən xatırlatma rolunu oynayır. Nə də olsa, şəhər formasına məxsus bu qeyri-stabillik Bakının daim təkamüldə olan yenilikçiliyini təhrik edən mühərrik rolunu oynayıb.

Bakı haqqında bu və daha çox məlumatı ala biləcəyiniz İv Blaunun “Bakı: Neft və Urbanizm” kitabını məsləhət görürük

Qazandığı təqaüd sayəsində bütün bir akademik ili keçirdiyi ABŞ-dan qayıdandan sonra Əkbər Buludlar, həyatının Amerikaya qədərki, həmin dövrdəki və bundan sonrakı dövrlərini əks etdirən sənət gündəliklərindən ibarət kitab yazıb.

Bakıdan adi bir tələbənin Berea Kollecinə necə düşməsi, onun özünə və ətraf dünyaya qarşı düşüncələrinin necə dəyişməsi və bu dəyişikliklərin nəticəsində onun qəbul etdiyi qərarlar – bütün bunlar “Onun Amerikası”ndadır. Kitab 2014-cü ildə Bakıda məhdud sayda çap edilib, indi isə internetə yerləşdirilib və biz onu xaricdə təhsil mövzusu ilə maraqlanan hər kəsin diqqətinə çatdırmaq istəyirik.

1962-ci ildə nəşr olunan Mexaniki Portağal, Börcesin sayca 9-cu romanıdır. Həm satirik qara komediya, həm də distopiya janrında olan əsəri Börces, İngiltərənin qədim sahil qəsəbəsi olan Hov-da qələmə alıb. Sonralar Entoni Börces Mexaniki Portağal əsərini üç həftədə yazdığını demişdi.

 

Börces romanın ilham mənbəyinin, həyat yoldaşının İkinci Dünya Müharibəsi zamanı İngiltərədəki sərxoş amerikan əsgərləri tərəfindən döyülməsindən sonra gəldiyini demişdi. Hamilə olan həyat yoldaşı bu hadisədən sonra hələ doğulmamış uşağını itirmişdi. Romanın mərkəzində dayanan əsas mövzu, Frederik Skinner kimi psixoloqların araşdırması olan davranış nəzəriyyəsidir.

 

Entoni Börces kitabın adı və ifadənin mənşəyi ilə bağlı bir neçə fikir səsləndirmişdi. 1945-ci ildə Börces İngiltərədəki pub-ların birində “mexaniki portağal kimi qeyri-adi” ifadəsini eşitmişdi və sonralar da dəfələrlə bu ifadəni müxtəlif yerlərdə gördüyünü dilə gətirmişdi.

“Cəsur Yeni Dünya” ifadəsi, Uilyam Şeksprin “Fırtına” adlı pyesindəki Miranda obrazının nitqindən götürülüb. Haksli bu əsərini, Fransanın Marsel yaxınlığındakı Sanari-syur-Mer adlı kiçik dənizkənarı bir qəsəbədə qələmə alıb. Əsərin yazıldığı 1931-ci ildə Oldos Haksli artıq yazar və sosial satirik kimi özünü sübut etmişdi. Vanity Fair və Vogue jurnalları ilə əməkdaşlıq edirdi. “Cəsur Yeni Dünya” müəllifin beşinci romanı və distopiya janrındakı ilk işidir. Məşhur Britaniya jurnalı olan The Observer 2003-cü ildə “Bütün dövrlərin 100 ən yaxşı romanı” siyahısında “Cəsur Yeni Dünya”-nı xronoloji olaraq 53-cü yerə, BBC-nin hazırladığı eyniadlı siyahıda isə, roman 87-ci yerə layiq görülür.

 

Haksli bu işinin Herbert Uells-in utopik romanlarından təsirləndiyini deyirdi. Uells-in gələcəyə olan ümidli baxışı Hakslini öz romanının parodiyalarını yazmağa cəsarətləndirir və sonda Cəsur Yeni Dünya ərsəyə gəlir. Müəllif ilk distopik işi olan bu romanı “mənfi utopiya” kimi qiymətləndirirdi.

 

İnsanların fərqli kriteriyalara görə alfa, betta, epsilon və s. olaraq qruplara ayrıldığı və hadisələrin xəyali bir dünyada cərəyan etdiyi bu əsər, distopiya olmasına baxmayaraq hazırda yaşadığımız dünyanı əks etdirir deyə bilərik.

Zontaqın 1977-ci ildə nəşr olunan monoqrafiyası “Fotoqrafiya üzərinə”, müəllifə dünya şöhrəti gətirən vacib əsərlərindən biridir. Rolan Bartın “Camera Lucida”-sı ilə ilə birlikdə “Fotoqrafiya üzərinə” sənədli fotoqrafiya mövzusunda yazılmış ən həlledici əsərlərdən biri kimi qiymətləndirilir.

 

1973-77-ci illər arası yazılmış esselər toplusundan ibarət kitab, fotoqrafiya nəzəriyyəsini və sənədli fotoqrafiya fenomenini müzakirə edir.

 

Zontaq öz kitabında, gündəlik yaddaşımızda özünə yer edən foto stereotiplərini dağıdır və fotonun reallıq, zaman, tarixlə olan əlaqəsini müəyyən etməyə çalışır.

 

“Fotoşəkillər əlçatmaz və idarəolunmaz hesab edilən reallığı dondurma, dayandırma vasitələrindən biridir. Lakin dünyaya obrazlar formasında sahib olmaq, sözün əsl mənasında həqiqi olmayanı və reallığın uzaqlığını bir daha təcrübədən keçirmək deməkdir.”

Bonus

“İşıqlı Kamera” – məşhur fransız ədəbiyyatşünas, humanitar elmlərdə strukturalist cərəyanın görkəmli nümayəndələrindən biri olan Rolan Bartın son kitabıdır. Lakin, professional filoloq qalaraq, Bart heç vaxt öz maraq dairəsini yalnız ədəbiyyatla məhdudlaşdırmayıb. O teatr sənəti ilə tanış olub, öz işlərində dəb, geyim, qida, şəhər sturkturu və fotoqrafiyaya aid mövzulara toxunub. Bu maraqların müxtəlifliyi Bartın əsasən filoloji meylə sahib yaradıcılığına olduqca uyğun idi, çünki o, digər strukturalistlər kimi, mədəniyyətin müxtəlif sahələrini işarə-simvol sistemi, bir növ “ədəbilik” və “dəsti-xətt” kimi anlayırdı. Bu məcrada, yapon mədəniyyətinin xüsusiyyətlərinə həsr olunmuş “Dəb sistemi” və ya “İşarələr imperiyası” kimi ədəbiyyatşünaslıqdan kənar işlər yaranırdı.

Ola bilsin düşünəsiniz ki, fotoqrafiya da bənzər semioloji təhlildən keçirilə bilər, lakin “İşıqlı kameranın” artıq ilk səhifələri onun müəllifinin fotoqrafiyanın bir “obyekt” olaraq nə olduğunu, məğzinin nədən ibarət olduğunu kəşf etməyə təşviq edən “ontoloji” marağının olduğuna işarə edir. Bununla belə, kitabın struktualistlərə qarşı polemikası ilə məşhur olan Jan Pol Sartrın “Xəyal edilən” fəlsəfi traktatına hərs olunması da gözlənilməzdir. Kitabın, fotoqrafiyanı adət etdiyimiz müasir fotokamera ilə yox, qədim zamanlarda rəssamların dəqiq surət düzəltmək üçün istifadə etdikləri cihaz – kamera-lüsida ilə bağlayan adı da qeyri-adidir. Elə bil ki, hər şey oxucunu bu kitabda fotoqrafiya haqda ənənəvi təəsüratların və mədəniyyət reallıqlarının interpretasiyalarının semioloji imkanlarının həddlərini yenidən gözdən keçirilməsi ilə qarşılacağı haqda xəbərdar edir.

Bartın ölümündən qısa müddət öncə ərsəyə gəlmiş “İşıqlı kamera” onun bir çox işləri kimi, esse formasında yazılıb və 1979-cu ilin aprel ayından iyun ayınadək qeydə alınmış fəlsəfi gündəlik kimi qəbul oluna bilər. Bart araşdırma predmetinə qarşı şəxsi, subyektiv münasibətini, adi həyatda olduğu kimi fotoqrafiyada da sürən “dağınıqlıq”, sistemsizliklə izah edir.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir