Azərbaycanda Mədəniyyət Sektorunun Analizi

 Azərbaycanda Mədəniyyət Sektorunun Analizi

Bu araşdırma mədəniyyət normaları, resurslara çıxış və imkanlar arasında qarşılıqlı münasibətə gender obyektivindən nəzər salmaqla Azərbaycanda mədəniyyət sektorunu təhlil edir.

Giriş

Azərbaycanda gender bərabərliyi həm gündəlik həyat təcrübələri, həm iqtisadi imkanlar, həm də sosial həyat baxımından hələ də aktual problem olaraq qalır. Qadınlar sosial cəhətdən birinci rol kimi əsasən ailənin qayğısına qalmağa şərtləndirilib və onlara bunu etməyə imkan verən məşğuliyyətlərin olması çox vacibdir (UNDP, 2007). LGBTQI+ icmasına münasibət olduqca homofobikdir və bu, həm insanların gündəlik həyatında, həm də ümumilikdə cəmiyyətdəki mövqelərində böyük maneələr yaradır.

Azərbaycanda mədəniyyət sektoru bir çox formal və qeyri-formal institutlardan və praktikalardan ibarətdir. İrsin və ənənəvi sənət növlərinin mədəni istehsalına və qorunmasına cavabdeh olan əsas dövlət orqanı Mədəniyyət Nazirliyidir. Ölkədə yaradılmış incəsənət qalereyalarına YARAT İncəsənət MərkəziAzərbaycan Müasir İncəsənət Muzeyi və Bakıda vizual incəsənət və heykəltəraşlıq üzrə yeganə kommersiya incəsənət qalereyası olan Gazelli Art House daxildir. Azərbaycanda incəsənət və mədəniyyət istehsalı paytaxt ətrafında çox mərkəzləşib və regionların həm sənəti istehlak etmək, həm də istehsal etmək üçün çox məhdud çıxışı və resursları var. Son illərdə Art Garden (Gəncə) və Tor (Lənkəran) kimi müstəqil hibrid incəsənət/kafe  məkanları  tərəfindən  mədəniyyətin  regionlarda  da əlçatan olması üçün cəhdlər edilir. Mədəni fəaliyyəti Bakıdan kənara da yaymağa çalışan səyyar festivalların və incəsənət tədbirlərinin kiçik, lakin maraqlı təcrübəsi var. Sevil Fest əsas məkan kimi Gəncədə, eyni zamanda səyyar tədbirlər kimi Azərbaycanın rayonlarında keçirilən Beynəlxalq Qadın Sənədli Filmləri Festivalıdır.

Azərbaycanda yaradıcı sənayelər ÜDM-in cəmi 1%-ni yaradır (British Council, 2018). Sektorda işçilərin əmək haqqı bölgüsü aşağıdır, işləyənlərin 50%-dən çoxu ayda 250-400 AZN arasında maaş əldə edir (NSS, 2021). Bununla belə, qeyd etmək lazımdır ki, mədəniyyət sektorundakı kommersiya əməliyyatlarının əksəriyyəti kölgə iqtisadiyyatı çərçivəsində baş verir və rəsmi statistikada və ÜDM-də əksini tapmır. Məsələn, ifaçılar mədəniyyət sənayesindən daha çox gəlir əldə edənlər sırasındadırlar ki, onların əsas gəlir mənbəyi toylardakı iştirakdan alınan komissiyalardır və bunlar adətən qeyri-rəsmi nağd əməliyyatlardır. Milli Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə incəsənət, əyləncə və istirahət sektoru əhalinin yalnız 1,6%-ni işlə təmin edib və mədəniyyəsektorunda çalışanların 62%-ni qadınlar təşkil edib.

Bu tədqiqat gender aspektindən istifadə etməklə Azərbaycanın əsas mədəniyyət qurumlarının internet saytlarının və sosial media hesablarının təhlilindən ibarət masaüstü tədqiqat əsasında aparılıb.

Məkanlara və Resurslara Çıxış

Genderindən asılı olmayaraq bütün rəssamların  əsas problemlərindən biri fondlaşma və maliyyə resurslarına çıxışdır. İstər dövlət qurumları, istərsə də müstəqil fondlar tərəfindən bədii istehsalın maliyyələşdirilməsi imkanları məhduddur. Sorğuda iştirak edənlərin 50%-i sabit maliyyə imkanlarının olmadığını, 20%-i isə işlərini maliyyələşdirməkdə çətinlik çəkdiklərini qeyd edib. Üç respondent açıq şəkildə bildirdi ki, problemlərinin əksəriyyətinin mənbəyi maliyyə çatışmazlığıdır və işlərini həyata keçirmək üçün kifayət qədər məkan və resurslar tapa bilmirlər. Beynəlxalq təşkilatlar, xarici səfirliklər və Goethe CentrumInstitut Francais və digər belə mədəniyyət qurumları maliyyə və şəbəkələşmə imkanları baxımından mədəniyyət sektorunun əsas dəstəkçiləri kimi çıxış edirlər. Mədəniyyət sahəsində çalışan peşəkarların və rəssamların müraciət edə və əsərlərinin istehsalı üzərində işləyə biləcəyi kiçik miqyaslı mədəni fəaliyyət fondları var. Bu vəsaitlər kasad mühitdə imkanlar yaratsa da, sənət adamları üçün heç bir davamlılığı təmin etmir. Qeyd etmək lazımdır ki, bir çox gənc və inkişaf etməkdə olan rəssamların xüsusi qrant ərizə formalarını yazmaq və büdcələri idarə etmək bacarığı və potensialı yoxdur. Əksər hallarda, daha geniş sənət kütləsi üçün nəzərdə tutulmadıqda və məqsədli olaraq diqqətə alınmadıqda, beynəlxalq təşkilatların maliyyəsi eyni rəssam və sənətçi dairəsi ilə başa çatır.

Qərar qəbuletmə rollarında qadınların təmsil olunması da məhduddur, baxmayaraq ki, Mədəniyyət Nazirliyində əsas vəzifələrdə gender təmsilçiliyi Azərbaycanda bir çox digər nazirliklərdən daha yaxşıdır – üç nazir müavini və beş şöbə müdirindən biri (incəsənət şöbəsi), o cümlədən əsas vəzifələrdən biri qadındır. Halbuki həm indi, həm də keçmişdə nazir vəzifəsini kişilər tuturdu.

Qalereyalarda məkan, şəbəkə qurmaq və bədii istehsalın inkişafı üçün imkanlar adətən qadınlara deyil, kişilərə verilir. Fərdi sərgilər adətən kişi rəssamlar üçün keçirilir və onlar muzey və qalereyalarda daha geniş təqdimata sahib olurlar. Məsələn, Azərbaycanda miqyası və mövcud resursları baxımından əsas və demək olar ki, yeganə müasir incəsənət mərkəzlərindən biri olan YARAT-ın sərgilərə təşkilatçılıq edən bir neçə qalereyası var.   YAY qalereyasında 2014-cü ildən indiyədək yerli kişi rəssamların beş fərdi sərgisi ilə müqayisədə yerli qadın rəssamların yalnız iki fərdi sərgisi keçirilib. YARAT həmçinin dörd yerli kişi rəssama fərdi sərgisi üçün yer ayırıb, sərgilənən yeganə qadın rəssam isə qalereyanın yaradıcısı olub. Respondentlərdən biri mərkəzin gender siyasətini belə təsvir edib:

“Kurator gülümsəyən qadın, rəssam isə kişi kimi kişi olmalıdır.”

İndiyə qədər keçirilən sərgilərə baxış belə bir təəssürat yaradır ki, mövzu xüsusi olaraq genderlə əlaqəli olduqda qadınların və LGBTQI+ rəssamlarının əsərləri sərgilərə daxil edilir.  2017-ci ilin yayında RTIM layihə məkanında mövcud gender stereotiplərinə meydan oxumağa və ölkədə genderlə bağlı bəzi problemləri həll etməyə çalışan layihə “Kişilər ağlamaz” adlı qrup sərgisi idi. Sərgidə həm yerli, həm də beynəlxalq rəssamların işləri nümayiş olunmuşdu. Gender aspekti ilə bağlı çox maraqlı və önəmli “Yalnız kişilər üçün (qadınlar, utanmayın)” adlı performansı iki qadın sənətçi Çinarə Məcidova və Leyli Salayeva təqdim ediblər. Bu performans qadınların Bakı küçələrində gəzərkən qarşılaşdıqları gündəlik şifahi təzyiq təcrübələrini önə çıxarmağa yönəldilib. Onlar qadınların küçələrdə eşitdikləri müxtəlif təcavüzkar və istismaredici ifadələr üzərində sorğu keçiriblər və bir neçə qadını bu cümlələri tələffüz etdikləri videoya dəvət ediblər (Femiskop, 2017).

2017-ci ilin sentyabr ayına qədər  ARTIM (2015-ci   ildən) və YAY Qalereyası (2012-2018) öz layihələrində nadir hallarda qadınların əsərlərini sərgiləyiblər. Yalnız 2018-ci ilin martında “Mövcud olan hər şeyin olmadığını düşün” adlı qrup sərgisi qadın rəssamların əsərlərinin nümayişinə yönəldi. Sərgidə rəssamlar Şahnaz Ağayeva, Aysel Əmirova, Günay Əliyeva, Leyli Qafarova, Fəxriyyə Məmmədova, Aydan Mirzəyeva, Çinarə Məcidova, Pərvanə Persiani, Şəlalə Salamzadə və Leyli Salayevanın əsərləri təqdim olunub. Əsərlər əsasən bölgənin tarixindən və mifologiyasından ilhamlanmış, keçmişin və indinin görkəmli qadınları ilə əlaqəli idi. Yaratın rəsmi saytında deyilir ki, “sərgi qadınların dövrümüzün aktual mövzularına münasibətinin zənginliyini və gender stereotiplərini aradan qaldıraraq qadın səslərini yenidən kəşf etmək məqsədi daşıyır” (YARAT, 2018).

Qadın rəssamlara yer və platforma verməyə gəldikdə, kommersiya qalereyaları da potensiallarını ən yaxşı formada dəyərləndirmir. 2013-cü ildən bəri ölkədə yeganə kommersiya incəsənət qalereyası olan Gazelli Art House yalnız 5 qadın rəssamın və 29 kişi rəssamın əsərlərini nümayiş etdirir.

Davamlı olaraq sis-gender kişilər böyüdən və onlara imkanlar yaradan bir cəmiyyətdə gender bərabərliyi məsələsi daha çox yerli təşkilatlar tərəfindən həll edilir. Bunlardan biri həm LGBTQI+, həm də qadınlar üçün platforma və təhlükəsiz yer təmin edən Salaam Cinema-dır.

Həmtəsisçilərdən biri müsahibəsində bildirib ki, onlar həm kadr, həm də proqramlarında bərabərlik və inklüzivlik problemini həll etməyə çalışırlar. Bundan əlavə, onlar da çox önəmli kurasiya və tədbirlərə təşkilatçılıq edirlər. Təlim və seminarlarda həmişə LGBTQI+ və qadın təlimçiləri dəvət etməyə çalışırlar, çünki bu, iştirakçılarda motivasiya yaradır və onlara çətin şərtlərdə davam etməyə kömək edir.

İnklüzivlik siyasətinə və ölkədə və incəsənət aləmində gender bərabərliyi vəziyyətləri ilə bağlı müzakirələrə başlamaq cəhdlərinə görə qeyd edilməli olan digər platforma sərgi icmalı, rəssam dostları, panel müzakirələri daxil olmaqla üç silsilə videomüzakirədən ibarət “Çağdaşçılar” tənqidi incəsənət platformasıdır. Hər bir müzakirədə qonaqlar və təklif olunan müzakirə mövzuları baxımından güclü gender siyasəti var.

Gender məsələlərində mövqe tutmağa çalışan digər onlayn platforma da bu araşdırma çərçivəsində müəyyən edilmiş, Cinsi İstismarın və Sui-istifadənin Qarşısının Alınması Siyasətini öz saytında rəsmi olaraq açıqlayan yeganə təşkilat VarYox-dur. Təşkilat işçi heyətinin işə qəbulunda həm qadınların, həm də qeyri-binarların daxil edilməsinə önəm verməklə yanaşı, həm də sərgilərin təşkilində və ya təhsil fürsəti üçün ictimai kampaniyasının başlamasında qadın rəssamlara dəstək olur. Lənkəranda yerləşən layihə məkanı Tor-da Fidan Əbilovanın əsərlərindən ibarət sərgi də rayondan olan qadın rəssamın fərdi sərgisi kimi nadir hadisədir.

Gəncədə yerləşən Art Garden yaradıcı layihələrə təşkilatçılıq etmək, incəsənətlə məşğul olan insanları birləşdirmək və dəstək şəbəkəsi təmin etmək məqsədi daşıyan məkandır. Bu məkanın yaradılması mədəni fəaliyyətin ölkənin paytaxtı Bakıdan kənar rayonlara doğru genişlənməsində qabaqcıl layihə idi. Məkan aztəminatlı ailələrdənolan uşaqlar üçün rəsm dərsləri, sosial mövzularda sərgilər, kino, nağıl və s. mövzularda emalatxanalar təşkil edib. Hal-hazırda o, ictimai fəaliyyətləri dəstəkləmək üçün kafe və rəssamlar, ustalar üçün atelyelərdən ibarətdir.

Əsas və populyar mədəni istehsalların əksəriyyəti də həmişə ölkədə gender normalarını dəstəkləyir və demək olar ki, heç vaxt konfliklər yaşamır. Rəssamlar nadir hallarda gender problemlərindən danışır və ya bu problemi öz əsərlərində təsvir edirlər. Öz işlərində bunu daha çox belə bir çərçivədə edirlər ki, bu da – qadınlar cəmiyyətin dəyərli üzvləridir və onlara hörmətlə yanaşmaq lazımdır qavramıdır. Bundan əlavə, populyar mədəniyyət və media gender stereotiplərinin və rollarının təkrarlanmasında çox böyük rol oynayır. Bunun bariz nümunəsi hər il martın 8-də Bu Şəhərdə kimi tanınan iki kişi komediyaçının təşkil etdiyi şoudur. Şou “qadınlara hədiyyə” kimi tərtib edilsə də, məzmun adətən qadınların daha çox istehzaya məruz qalmasına və damğalanmasına səbəb olur və ümumilikdə misoginistdir.

Çox vaxt sənət nümayəndələri qadınları kişi həmkarlarına nisbətən yaradıcı və mədəni işlərdə daha az bacarıqlı olduqlarından danışırlar. Tanınmış azərbaycanlı rejissor və ssenarist Oqtay Mirqasımov ictimai televiziya verilişində qadın rejissorlara inanmadığını deyib. O, adətən sinifdə qız şagirdləri görəndə məyus olduğunu, çünki onların özlərinə inamsızlıqları, həmçinin analıq, ailə qayğısı kimi digər vəzifələrinə görə karyeralarına davam edə bilməyəcəklərinə inanmadığını söyləyib. Bu cür fikirlər daha çox cəmiyyətdəki norma və qavrayışlarla səsləşir və bir qayda olaraq qadınların mədəni istehsal sahəsinə daxil edilməsinə mane olur. Rəssam Leyli Qafarova müsahibəsində bildirib ki, qadın kimi sənətçi olmağın əsas problemlərindən biri demək olar ki, heç vaxt ciddiyə alınmamağınızdır.

Bakı Elmi-Tədqiqat İnstitutunun saytındakı məqalədə Sovet dövründən Azərbaycan kinematoqrafiyasında qadın təsviri təhlil edilir və qeyd olunur ki, XX əsrin əvvəllərində Sovet hökumətinin təşəbbüsü ilə qadın müstəqil və güclü şəxsiyyət kimi təqdim edilsə də, sonralar bu vəziyyət kəskin şəkildə dəyişib. Qadınlar “ailənin ləyaqət sahibləri” olaraq mühafizəkar çərçivələr ilə tətbiq edilmiş, lazımsız yerə davakar kimi təsvir edilmiş, hətta zorlama və ya təcavüzə məruz qalmış olsalar belə, çox vaxt günahkar kimi təsvir edilmişdir (Sultanova, 2019). Respondentlərdən biri qeyd edib ki, tənha ananın hekayəsindən bəhs edən film çəkmək istəyərkən onu məsxərəyə qoyublar və daha maraqlı bir mövzu seçməyi tapşırıblar. Ümumiyyətlə, qadınlar və LGBTQI+ ilə bağlı məsələlər yerli kino səhnəsində o qədər də gündəmə gəlməyib və yalnız son illərdə müstəqil kinorejissorlar tərəfindən araşdırılır. Məsələn, Lalə Əliyevanın “Pıçıldayırlar, amma bəzən qışqırırlar” filmi uzun müddətdir qonşu kənddə yaşayan qadınların su ilə söhbət edərək dərdlərini dəf etmək üçün istifadə etdikləri göl kənarındakı ziyarətgahdan bəhs edir. Müəllif müxtəlif qadınların hekayələrini çatdırır və bu hekayələr qadınların gündəlik həyatlarında qarşılaşdıqları problemləri nümayiş etdirir (Femiskop, 2020).

Dominant mədəniyyətin vəziyyətinə baxmayaraq, ibtidai təşkilatlar, nisbətən müstəqil sənət platformaları və bəzi hallarda hətta ən böyük müasir incəsənət qurumu YARAT da gender bərabərliyi mövzularına dəstək verir və əsərlər hazırlayır.

Nəzakət Əzimli Danimarka Mədəniyyət İnstitutu üçün

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir