“Mədəni Niyyət” 2015-ci ildə xeyriyyə platforması kimi mədəni və sosial sahədə müxtəlif istiqamətlərdə layihələr həyata keçirmək məqsədilə, incəsənətin bir sıra sahələri ilə professional şəkildə məşğul olan bir qrup gənc tərəfindən təsis olunmuşdur. Əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan insanlarla çoxsaylı istiqamətlərdə işləmək və bütün məhdudiyyətlərin yalnız düşüncədə olduğunu göstərmək, eləcə də cəmiyyətin həyatında kiçik də olsa müsbət dəyişikliklərə səbəb olmaqdır. İncəsənət vasitəsilə bu insanlardakı hələ kəşf olunmamış müxtəlif qabiliyyətlər və bacarıqları aşkar etmək imkanı yaradacağımıza inanırıq.
“Mədəni Niyyət” platforması olaraq biz, cəmiyyətin müxtəlif qrupları ilə çoxlu sayda fərqli sahədə birgə layihələr həyata keçiririk. Bunlar, uzunmüddətli və birdəfəlik layihələr olmaqla iki yerə bölünür. Bütün layihələrə qadın və uşaq sığınacaqlarında, psixiatriya xəstəxanasında, onkoloji və narkoloji mərkəzlərdə və digər onlarla məkanlarda həyata keçirilən fəaliyyətlər daxildir. Layihələrimizi genişləndirərək daha çox insanı və sahəni əhatə etmək əsas prioritet məsələlərdən biridir. Bu məqsədi yerinə yetirmək üçün sizin də dəstəyinizlə daha çox insana çata bilərik.
Kiçik addımlarla böyük dəyişikliklərin meydana gələ biləcəyinə inanırıq. Diqqətdən kənar qalmış insanların həyatlarında müəyyən müsbət dəyişikliklər yaratmaq məqsədilə onları maraq dairələrinə uyğun olan sahələrə cəlb edirik. 4 il ərzində əldə etdiyimiz müsbət nəticələr bizi ruhlandırır.